Əri tərəfindən şiddət görən qadın qızı ilə birlikdə evdən qaçdı

KRİMİNAL 14 noyabr 2024, 14:24
Bakının Səbail rayonunda 1979-cu il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Səmayəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 aprel 2024-cü ildə baş verib. Bəhruz həmin gün səhər saat 05:00-da yaşadıqları evin yataq otağında arvadı Səmayənin ona laqeyd münasibəti səbəbindən əsəbləşib. 

O, arvadının ailə münasibətlərinin kəskinləşməsi ilə əlaqədar bu zəmində yaranan mübahisə zamanı ona şillə ilə sifətdən vurub. Ona alt dodağın yumşaq toxumalarının şişkinliyi və qançırı fonunda əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsrətlər yetirib. 

Hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşayır, taksi sürücüsü işləyir: “Səmayə ilə 2006-cı ildə ailə həyatı qurmuşam, birgə nikahdan bir qız övladımız var. Aprelin 9-da, saat 21:00-da evdə olarkən arvadım Səmayəni bir neçə dəfə çağırdım. Lakin Səmayə mənə qulaq asmadı və çağırışlarıma gəlmədi. Bundan sonra mən işə getdim. Səhət səhər saat 05:00-da evə gəldim. Evə qayıdarkən Səmayəyə bərk hirsləndiyim üçün yataq otağımızda onu oyadaraq şillə vurdum. Əməlimdən səmimi peşman olmuşam, bir daha belə hallara yol verməyəcəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, Bəhruz davamlı olaraq spirtli içki qəbul edərək hər dəfə ona qarşı fiziki güc tətbiq edib: “Aprelin 9-da axşam saatlarında evdə yemək yediyim vaxt, eyni zamanda uşağa yemək verərkən Bəhruz məni çağırdı. Mən yemək yediyimi bildirərək getmədim. Bəhruz taksi sürücüsü işlədiyi üçün sonradan işə getdi. Daha sonra Bəhruz səhər saat 05:00-da sərxoş vəziyyətdə evə gəldi. Həmin vaxt mən yatırdım. Bəhruz məni çağırarkən niyə gəlmədiyim üçün qışqırdı və böyrümə möhkəm yumruq zərbəsi vurdu. Sonra başıma yumruq vurdu, dodağımı vurduğu üçün şişdi. Səsə qızım Ləman oyandı, məni vurmaması üçün qışqırdı. Lakin Bəhruz ikimizin də saçımızı yolmağa başladı. Daha sonra qızım ilə birlikdə evdən qaçdıq”.

Bu cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 1200 manat miqdarında cərimə cəzasına məhkum edilib. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:30
Top