Spiker Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşdü

SİYASƏT 01 noyabr 2024, 10:11
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a verilən xəbərə görə, görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin inkişafında möhkəm əsas rolunu oynadığı bildirilib. Qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına töhfə verir.

COP29-a hazırlığın yüksək sürətlə davam etdiyinin qeyd olunduğu görüşdə səfir Maksat Mamıtkanov qardaş ölkə kimi, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərə sevindiklərini bildirib.

Diplomat, Milli Məclisə seçkilərin uğurla keçirilməsi və Sahibə Qafarovanın yenidən parlamentin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top