“Report” 10 yaşında...

MEDİA 26 oktyabr 2024, 14:50
Oktyabrın 27-də “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 10 il ötür.

2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən səkkiz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Hazırda “Report”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Report Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

Report.az mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Hazırda "Report" İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

Demokrat.az kollektivi adından həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top