"Müharibənin gedişində ən ağır döyüşlərdən biri Füzuli uğrunda idi" — Hərbi ekspert

GÜNDƏM 17 oktyabr 2024, 18:42
 “Azərbaycan müharibənin ilk günlərindən Füzulinin rayon mərkəzinin təxminən 4 kilometrliyinə qədər irəliləmişdi. Lakin burada müdafiə olunan erməni silahlı qüvvələrinin sayı kifayət qədər çox idi.Buna görə də Azərbaycan ordusunun rəhbərliyi Hadrut istiqamətində irəlilədi. Hadrutun düşməndən təmizlənməsi Füzulinin azad edilməsi üçün münbit şərait yaratdı”. 

Bu faktları Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Füzulinin strateji əhəmiyyətindən danışarkən deyib. Ə.Verdiyevin sözlərinə görə, Füzulinin azad edilməsi ilə Azərbaycan ordusunun birləşmələri daha geniş ərazidə əməliyyatlar aparmağa müvəffəq oldu: 

“Füzulinin işğaldan azad olunmasından sonra düşmən ordusunda fərarilərin sayı 7 minə yaxınlaşmışdı. Həm Silahlı Qüvvələr, həm xalqımızın bu müharibədə qələbə qazanacağımıza inamı artırdı. Oktyabr ayının 16-da Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun bir neçə kəndini işğaldan azad etdikdən sonra Füzuli şəhərinə maksimum yaxınlaşdı. Şəhərin bir neçə istiqamətdən bölmələrimiz tərəfindən mühasirəyə alınması gecə saatlarında şəhər uğrunda döyüşlərin başlaması ilə nəticələndi. 

Vətən müharibəsində bəlkə də ən ağır döyüşlərdən biri Füzuli şəhəri uğrunda oldu. Düşmən güclü müqavimətə baxmayaraq səhər saatlarında artıq xeyli sayda şəxsi heyət və texnika itkisinə məruz qalmışdı. Düşmənin şəhəri Azərbaycana təslim etməkdən başqa çarəsi qalmamışdı. Şəhərin azad olunması ilə yanaşı rayonun 9 kəndi də işğaldan qurtuldu”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top