Gürcüstanın müstəqillik uğrunda yeni mübarizəsi: "Hakimiyyət devrilərsə..." — ŞƏRH

GÜNDƏM 17 oktyabr 2024, 14:29
“Son zamanlar Qərblə Gürcüstan arasındakı münasibətlərin pisləşdiyinin şahidiyik. Xarici agentlər haqqında qanunun qəbul edilməsindən sonra Gürcüstana qarşı səsləndirilən fikirlər, etiraz aksiyalarında bəzi Qərb ölkələrinin diplomatlarının, deputatlarının da iştirak etməsi göstərdi ki, Qərb-Gürcüstan münasibətlərinin yaxın zamanlarda normallaşması gözlənilmir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. X.Bəşirov qeyd edib ki, daxili işlərinə qarışmaq bahasında olsa da, Qərb Gürcüstanı təsir altına salmaq istəyir: 

“2000-ci illərdə Gürcüstanda baş verən inqilab nəticəsində Qərbin dəstəyilə hakimiyyətə gələn Mixail Saakaşvili ölkəni qərbyönümlü siyasəti ilə Qərbə doğru aparmağa çalışdı. Keçən 20 il ərzində Gürcüstan dövləti Avropa İttifaqına, NATO-ya üzv olmaq üçün əlindən gələni etdi. Bunun əvəzində 2008-ci ildə Rusiya ilə qarşıdurmada ərazisinin böyük bir hissəsini itirdi”. 

Politoloq söyləyib ki, Qərb Gürcüstanı demokratikləşdirməkdən daha çox onu nəzarəti altında saxlamaq, onun vasitəsilə Cənubi Qafqazda güclənmək və lazım gələrsə, region dövlətlərinə, xüsusilə də Rusiyaya qarşı istifadə etmək məqsədi güdür: 

“Hazırda Cənubi Qafqazda vəziyyət tam dəyişib, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionun reallıqları fərqlidir. Gürcüstanla bağlı baş verən proseslərin əsas mahiyyəti Qərbin və ABŞ-nin Cənubi Qafqaza başqa yolla daxil ola bilməməsi ilə əlaqədardır. Gürcüstanda seçkilər ərəfəsində böyük etiraz aksiyaları elan edilib. Mən istisna etmirəm ki, həmin akisyalarda Qərbdən olan parlamentarilər, diplomatlar və jurnalistlərin də iştirakı təmin olunacaq. Bu, faktiki olaraq Gürcüstanın yenidən müstəqillik uğrunda mübarizəsidir. Qərb seçkilərdə qalib gəlmək, hakimiyyəti ələ keçirmək üçün Gürcüstandakı donor təşkilatları, nümayəndələri vasitəsilə əlindən gələni edəcək . Bu proseslər Cənubi Qafqaza müsbət nəsə vəd etmir və Qərbin Gürcüstana müdaxiləsi dərinləşsə daha da pis nəticələrə gətirib çıxaracaq”. 
Ekspert onu da bildirib ki, Gürcüstan artıq Aİ-a üzv qəbul edilməyəcəyini anlayır:

“Qəbul edilsə belə elə ağır şərtlər qarşısında qalacaq ki, bu gün yürütdüyü siyasəti bir daha davam etdirə bilməyəcək. “Gürcü Arzusu” Partiyası düşündürücü bir addım atıb. Ukrayna müharibəsinin nəticəsində Ukraynanın dağıdılmış şəhərləri, yaşayış məntəqələri ilə Tbilisinin abad küçələrinin görünütüləri bir yerdə nümayiş etdirilir. Və xalqa subliminal bir mesaj ötürülür ki, siz hər iki yolu seçə bilərsiniz – ya müharibənin viran qoyduğu, insan itkilərinin olduğu Ukraynaya çevrilmək, ya da sabitliyin, təhlükəsizliyin hökm sürdüyü Gürcüstanda yaşamaq. Bu, həqiqətən də bugünkü Gürcüstanın reallıqlarını əks etdirir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 dekabr 2024, 21:58
Top