Deputat: “Azərbaycan və Vyetnam münasibətlərinin inkişaf potensialı böyükdür”

GÜNDƏM 07 may 2025, 18:27
“Azərbaycan və Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. İki ölkə arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələr, gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputat bildirib ki, Azərbaycan və Vyetnam arasında iqtisadi-ticari münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur:

“Hazırda iki ölkə arasında yalnız iqtisadi artımı stimullaşdırmağa deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaratmağa yönəlmiş yeni əməkdaşlıq imkanları müzakirə olunur. Bu əməkdaşlıq hər iki ölkə iqtisadiyyatının şaxələndirilməsinə əhəmiyyətli töhfə verə bilər. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin ən perspektivli istiqamətlərindən biri məhz turizm sektorudur. 

Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması nəzərdə tutulur ki, bu da turizm proqramlarının inkişafına təkan verəcək. Bunun nəticəsində hər iki ölkə vətəndaşlarının bir-birinin zəngin mədəniyyətinə və tarixinə marağının artması gözlənilir. Azərbaycan və Vyetnam arasında mədəni sahədə əməkdaşlığın intensivləşdirilməsi də prioritet istiqamətlərdən biridir. 

Müştərək mədəniyyət layihələrinin həyata keçirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələrdir”.

Deputat qeyd edib ki, təhsil sahəsi Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafında xüsusi yer tutur:

“Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində Vyetnam tələbələrini qəbul etməyə hazırdır. Bu proqramlar akademik mübadilə, elmi tədqiqatlar və ölkələr arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları genişləndirəcək. 

Bundan əlavə, mübadilə proqramlarının reallaşdırılması və elmi-texniki sahədə əməkdaşlıq da ikitərəfli münasibətlərin inkişafı üçün perspektivli istiqamətlər kimi qiymətləndirilir. Azərbaycan və Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. İqtisadiyyat, turizm, mədəniyyət, səhiyyə, ekologiya və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edir və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top