"Baş ağrısı və ya ürək bulanması daha ciddi bir problemin xəbərçisi ola bilər" — HƏKİM

GÜNDƏM 06 may 2025, 10:43
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib. Şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir. Onlardan 4 nəfər zəhərlənmədən ölüb.

Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlama verib.

O bildirib ki, statistik göstəricilərdə zəhərlənmə halları 126 nəfər olaraq qeyd edilsə də, bu, yalnız rəsmi rəqəmdir:

“Təəssüf ki, qeydə alınmayan və faktiki olaraq dərman və digər maddələrdən zəhərlənənlərin sayı daha çoxdur. Bunun əsas səbəblərindən biri qulaqdan-qulağa yayılan, elmi əsası olmayan müalicə üsullarının hələ də geniş yayılmasıdır. İnsanlar həkim təyinatı olmadan özbaşına dərman qəbul edir, nəticədə orqanizmə uyğun olmayan maddələr zəhərlənməyə səbəb olur. Bu gün bəzi insanlar səhərlər pəhriz məqsədilə sirkə və ya sirkə turşusu qəbul edir. Lakin bu da ciddi risklər yarada bilər. Çünki hər bir insanın mədə və bağırsaq sistemi fərqlidir və bu cür maddələr fərqli təsirlər göstərə bilər. Üstəlik, bazarda satılan bəzi sirkələr təbii deyil, vaxtı keçmiş və ya düzgün saxlanılmayan məhsullardır ki, bu da zəhərlənmə riskini artırır”.

Həkim əlavə edib ki, ilan zəhərlənməsi ilə bağlı məlumatlar daha çox bölgələrdə rast gəlinən hallardır:

“Bütün bu halların qarşısını almağın yeganə yolu həkimə müraciət etmək və heç vaxt özbaşına dərman qəbul etməməkdir. Kiçik simptomlar belə, məsələn baş ağrısı və ya ürək bulanması, daha ciddi bir problemin xəbərçisi ola bilər. Həkimə müraciət etmədən heç bir dərman, hətta bitki mənşəli preparatlar belə qəbul edilməməlidir. Bəzi əczaçılar özbaşına dərman təyin edirlər. Halbuki onların hüququ yalnız həkim resepti ilə dərman verməyə icazə verir. Bu kimi halların da qarşısı alınmalıdır. Sonda qeyd etmək istəyirəm ki, spirtli içkilərin istifadəsi ümumiyyətlə tövsiyə olunmur. Həm zəhərlənmə riskini artırır, həm də digər xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Sağlam həyat maariflənmək, düzgün tibbi məsləhət almaq və özümüzə məsuliyyətlə yanaşmaqdan keçir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top