Şamaxıda imkanlı şəxsləri gizli görüntüləri ilə şantaj etdilər

KRİMİNAL 14 oktyabr 2024, 11:14
Şamaxıda vətəndaşı döyərək ondan külli miqdarda pul tələb etməkdə təqsirləndirilən Dünyamalı Şahbazovun və onunla birlikdə həbs edilən Elnarə Əzimzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Demokrat.az pravda.az-a istinadən bildirir ki, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq prosesi oktyabrın 18-nə təyin edilib.

Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Rusiya vətəndaşı Dünyamalı Şahbazov Şamaxı rayonunun Şəhriyar qəsəbəsində şəxsiyyəti məlum olmayan iki nəfərlə birləşərək Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq meydanı adlanan əraziyə gətiriblər.

Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dünyamalı Şahbazov şübhəli şəxs qismində tutulub.

İstintaq orqanı tərəfindən Dünyamalı Şahbazovun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Bu işdə N.Nübarinin xanımı da zərərçəkmiş kimi tanınıb.

İttihama görə, Dünyamalı Şahbazov Bəxtiyar Həsənzadənin intiharında da suçlanır. İddiaya görə, Dünyamalı Şahbazovun Bəxtiyar Həsənzadədən külli miqdarda alacağı olub. Həmin məbləğin 30 minini qaytaran Bəxtiyar Həsənzadə pulun 70 minini qaytara bilmədiyi üçün intihar edib. İttihamda göstərilir ki, Bəxtiyar Həsənzadə Elnarə Əzimzadə ilə intim münasibətləri ilə şantaj edilib. İstintaq orqanının Dünyamalı Şahbazova qarşı ittihamının mahiyyəti belədir ki, o, ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla intim görüntülərini əldə edərək onları şantaj etməyə başlayıb. Məlumata görə, Dünyamalı Şahbazov əsasən vəzifəli şəxsləri tora salırmış.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Dünyamalı Şahbazov həbsdə olduğu müddət çıxılmaqla 13 il 2 ay, Elnarə Əzimzadə isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top