Fəsillər əhvalımıza niyə təsir edir? — Psixoloq tövsiyəsi

GÜNDƏM 10 oktyabr 2024, 20:26
Payız fəsli bəzi insanlarda depressiya fəslidir. Bəziləri payızın gəlişini depressiv notlarla qarşılayır. İlin istənilən fəslində əhvalı hava şəraiti ilə “uyğunlaşan” insanlar var. Maraqlıdır, insanların belə hiss etməsinə nə səbəb olur? Ümumiyyətlə insanın əhvalının havayla əlaqəsi varmı?

Klinik-psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında bildirib ki, biz energetik mühitdə yaşayırıq. Bütün canlı və cansız varlıqlar, təbiət bir-biri ilə sıx əlaqədədir:


“Planetimiz belə enerjinin gücü ilə fəzada qalır, canlılar yaşamını davam etdirir. Havada olan dəyişiklik, nəmlik canlılara təsir etmək xüsusiyyətinə malikdir. Eləcə də hava şəraiti insanların əhvalına təsir göstərir, bəzi şəxslərdə emosional dəyişiklik daha çox hiss olunur. Havanın əhvalımıza təsirinin böyük olduğunu düşünürüksə, burada deməli bəzi psixoloji məqamlar var. Hava dəyişkənliyinə, fəsillərin bir-birini əvəz etməsinə əslində adaptasiya olmuşuq, insanın təbiəti bunu normal qəbul edir. Amma hansısa anımızda, dövrümüzdə hava, fəsil dəyişikliyi bizə xüsusi təsir edirsə, əslində psixologiyamız nədənsə təsirlənib deməkdir. Psixoloji vəziyyətimizdə bizi narahat edən nələrsə var və ondan qaçırıq və bunu hava ilə əlaqələndiririk. Əhvalımıza əslində nəyin təsir etdiyini, bizi incidən şeyin nə olduğunu təyin etməkdə çətinlik çəkirik. Düzdür, təbiət hadisələri bizim mental vəziyyətimizə, eləcə də fiziki halımıza, bədənimizə təsir edə bilər. Amma bunu şişirtməyimiz adekvat deyil və məsələnin altında yatan əsl səbəbi aydınlaşdırmalıyıq. Ola bilər ki, hər hansı travma yaşadığımız zaman zehnimzdə lövbərləşmiş məqam əmələ gəlir. Məsələn, qış və ya payız gələrkən hər hansı travma yaşamışıqsa, artıq həmin fəsillərin gəlişi bizdə mənfi hisslər yaradır. İnsan fəsil dəyişikliyindən həddən artıq təsirləndiyini düşünürsə, mütəxəssisə müraciət etməsində fayda var”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 08:52
11 oktyabr 2024, 08:33
Top