"Hadrutun azad olunması Ermənistanın müharibədə məğlub olmasına zəmin yaradıb"

GÜNDƏM 09 oktyabr 2024, 09:29
Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətrafındakı yüksəkliklərin işğaldan azad olunması Ermənistan ordusunun İkinci Qarabağ Müharibəsində məğlub olmasına zəmin yaradıb.

Bunu "Report"un Hadruta ezam olunmuş əməkdaşına hərbi ekspert Ramil Məmmədli deyib.

O bildirib ki, Vətən Müharibəsi zamanı Hadrutun və Ərgünəş yüksəkliyinin işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələri üçün çox əhəmiyyətli olub:

"Ərazinin strateji əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Ordusu ilk dəfə olaraq cənub istiqamətindən Qarabağın dağlıq hissəsinə keçid edib, bu ərazidə mövqelərini gücləndirib. Həmçinin buranın azad olunması ordunun manevr imkanlarını artırdı və Şuşa, Kirs, eləcə də Kirs dağı istiqamətində hərəkət etməsinə, Füzuli, Şuşa, Xankəndi, Xocavənd, eləcə də Qarğabazar istiqamətində təchizat yollarına nəzarət etməyə imkan yaratdı. Cəbrayılın işğaldan azad olunması ilə Ermənistanın rəhbərliyi ordusuna Ərgünəş yüksəkliyi istiqamətində müdafiə xəttinin gücləndirilməsi tapşırıqlarını vermişdi. Lakin onlar düşünmürdülər ki, Azərbaycan Ordusu Cəbrayılı azad etdikdən dərhal sonra Hadrut istiqamətində əməliyyatlara başlayacaq".

R.Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusu Hadrut ətrafındakı yüksəklikləri azad etməklə digər əraziləri də asanlıqla nəzarətə götürüb. O bildirib ki, Hadrutun işğaldan azad olunması Vətən Müharibəsində Ermənistan ordusunun məğlub olmasına zəmin yaradıb.

"Ermənistan ordusu Hadrutu itirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməyəcəyini anladı. Bundan sonra əməliyyatın miqyası daha da böyüdü. Qarabağın dağlıq hissəsinin cənub istiqamətinin açarı və qapısı Hadrutdur. Bura azad olunandan sonra qarşı tərəfdə ruh düşkünlüyü yarandı", - deyə hərbi ekspert bildirib.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə oktyabrın 7-dən etibarən Hadrut və ətraf ərazilər uğurunda ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri, eləcə də yüksəklikləri nəzarət altına alıb. Bununla da Hadrut qəsəbəsi və ətraf kəndlər düşmən tapdağından azad olunub.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top