Yadigar Cəfərli: Bu gecə Aşıq Ələsgəri yuxuda gördüm...

MƏDƏNİYYƏT 02 oktyabr 2024, 22:50
Bu gecə Aşıq Ələsgəri yuxuda gördüm: şəkildəki kimi sazı əlində, çuxası əynində, başında da buxara papağı.

Bir az ordan-burdan gap elədik, Bakıda təzə qoyulmuş heykəlindən danışdıq.

Dedi, görürəm sən də adaşın Dədə Yedyar kimi sazdan, sözdən anlayan adamsan. Eşitmişəm, Facebookdan da istifadə edirsən. Mənim səndən bir iltimasım var.

Dedim, Dədə Ələsgər, nə iltimasdır belə, buyurun, canla-başla...

Dedi, mənim Facebook camaatına bir ərzim var, yetirə bilərsənmi?!

Dedim, o nə sözdür, gözüm üstə...

Ustad sazını basdı sinəsinə, aldı görək nə dedi, mən də qulluğunuza ərz edim xoşbəxt olun...

Qadasın aldığım, əhli-feysbuk,

Di bəsdir, az dodaq büz heykəlimə

Namxuda hamımız sənətkar olduq,

Qoydunuz əl, ayaq, diz heykəlimə
 

Şükr olsun Xudamın verdiyi ağıla,

Məni Haqqdan soruş, Sözdən soraqla,

Payız güllərindən dər, dəstə bağla,

Gətir bircə-bircə düz heykəlimə
 

Ələsgər hikməti deyildir asan,

Axtar onun sirrin qəlbdə, taparsan,

Sən də bir faydalı iş gör, ad qazan

Ordan gəlib çıxsın iz heykəlimə...

Yadigar Cəfərli
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top