Polisin fəaliyyəti ictimai rəydə

SOSİAL 02 oktyabr 2024, 12:50
Sosial Tədqiqatlar Mərkəzi ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması sahəsində polisin fəaliyyətinə vətəndaşların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirib. Ümumi nəticələr cəmiyyətin polisin işinə olan etimadının və ictimai təhlükəsizliyə dair gözləntilərinin yüksək olduğunu göstərir. 

“Polisin ictimai təhlükəsizliyin təmin olunması sahəsində fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına cavab olaraq, respondentlərin 72.4%-i “müsbət”, 21.1%-i “neytral” (nə müsbət, nə də mənfi), 5.7%-i “mənfi” cavabını verib. Sorğu iştirakçılarının 0.8%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Nəticələri gender aspektindən təhlil etdikdə, sorğu iştirakçıları arasında kişilərin 76.6%-i, qadınların isə 67.9%-i polisin fəaliyyətini müsbət qiymətləndirib.
Respondentlərin bu istiqamətdə rəylərində onların yaş qruplarına və təhsil səviyyəsinə görə əhəmiyyətli fərq qeydə alınmayıb. 

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. 

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2024, 18:36
Top