“Məktəbə hazırlıq qruplarının nazirliyin nəzarətində olması müəyyən çətinliklər yaradır” — Ekspert

SOSİAL 02 oktyabr 2024, 17:34
Məktəbəqədər hazırlıq qruplarında dərslər başlayıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, iyulun 11-dən bu günə qədər ümumilikdə 93 mindən çox uşaq elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına qəbul edilib. Məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir. Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.

Təhsil eksperti Kamran Əsədov Demokrat.az-a açıqlamasında söyləyib ki, məktəbə hazırlıq qrupları Azərbaycanda erkən təhsilin mühüm mərhələlərindən biridir və bu pillə uşaqların məktəbə keçid prosesində böyük rol oynayır. 

Ekspertin sözlərinə görə, son illərdə bu mərhələ ilə bağlı bəzi mübahisələr və suallar yaranıb: 

“Hazırda məktəbə hazırlıq qrupları Elm və Təhsil Nazirliyinin nəzarətindədir və bu qruplarda 5 yaşlı uşaqlar üçün 1-ci sinif proqramına uyğun dərslər keçirilir. Lakin bir çox təhsil mütəxəssisi, pedaqoqlar və valideynlər bu sistemin erkən yaşda olan uşaqlar üçün ağır olduğunu və onların psixoloji, intellektual inkişafına uyğun gəlmədiyini bildirirlər”.

K.Əsədov bildirib ki, birinci sinif proqramının 5 yaşlı uşaqlar üçün çətin olmasının səbəbi onların inkişaf səviyyəsidir: 

“Bu yaş dövründə uşaqlar hələ tam mənimsəmə qabiliyyətini inkişaf etdirməyiblər və onların öyrənmə üsulları oyun əsaslıdır. Müasir pedaqoji yanaşmalar göstərir ki, 5 yaşlı uşaqlar üçün öyrənmə prosesi daha interaktiv, vizual və təcrübə yönümlü olmalıdır. Bu yaş dövründəki uşaqlar üçün məhz oyun əsasında öyrənmə, yaradıcılıq və sosial bacarıqların inkişafı ön planda olmalıdır. Bunun əvəzinə, hazırda məktəbdə hazırlıq qruplarında onlara akademik biliklərin verilməsi təklif olunur ki, bu da bəzi hallarda uşaqlarda öyrənmə stresini və təzyiqini artırır”.

Məktəbə hazırlıq qruplarının hazırkı idarəetmə mexanizminə gəldikdə, təhsil ekspertinin fikrincə, bu qrupların nazirliyin nəzarətində olması müəyyən çətinliklər yaradır: 

“Məktəbə qədər təhsil sahəsi uşaq bağçalarına aiddir və uşaq bağçalarında çalışan müəllimlər məhz bu yaş dövrü ilə işləmək üçün xüsusi təhsil alıblar. 

"Məktəbə qədər təhsil" ixtisasını oxuyan müəllimlər 5 yaşlı uşaqların psixoloji və intellektual xüsusiyyətlərini daha yaxşı başa düşür və onların təlim ehtiyaclarına daha uyğun yanaşma göstərirlər. Buna görə də bir çox mütəxəssis və təhsil işçisi hesab edir ki, məktəbə hazırlıq qruplarının bağçalara verilməsi daha məqsədəuyğundur”.

Ekspert əlavə edib ki, məktəbəqədər təhsil üzrə ixtisaslaşmış müəllimlər uşaqların oyun əsaslı, yaradıcılıq yönümlü təlim metodları ilə inkişaf etdirilməsini təmin edə bilər: 

“Bu metodlar 5 yaşlı uşaqlar üçün daha təbii və uyğun olan öyrənmə prosesini təmin edir. Uşaqların sosial, emosional və psixoloji inkişafı bu yaşda çox vacibdir və bu sahədə bağça müəllimlərinin təcrübəsi əvəzsizdir. Onlar uşaqları daha səmərəli şəkildə məktəbə hazırlaya bilər, eyni zamanda, onlara məktəb həyatına adaptasiya olmaq üçün lazım olan sosial bacarıqları da öyrədə bilərlər.

Digər tərəfdən, məktəbə hazırlıq qruplarının bağçalara verilməsi ümumi təhsil sistemində inteqrasiya və koordinasiya məsələlərini yenidən nəzərdən keçirməyi tələb edir. Təhsil Nazirliyinin bu pillədəki idarəetməni bağçalara verməsi təhsil siyasətində bəzi islahatları nəzərdə tuta bilər, lakin bu islahatlar daha geniş bir çərçivədə, məktəbə qədər təhsilin ümumi keyfiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi ilə həyata keçirilməlidir”.

Kamran Əsədov vurğulayıb ki, məktəbə hazırlıq qruplarının bağçalara verilməsi məsələsi təkcə təhsil idarəetməsi ilə deyil, həm də uşaqların inkişafına uyğun olan tədris metodlarının tətbiqi ilə əlaqədardır:

“Bu dəyişiklik, məktəbə hazırlıq qruplarında uşaqlara daha uyğun metodların tətbiqini təmin edə bilər və bu yaş dövrü üçün daha təbii və səmərəli tədris mühiti yarada bilər. Hazırkı sistemdə 1-ci sinif proqramının 5 yaşlı uşaqlar üçün tətbiq edilməsi isə onların təlim ehtiyaclarına uyğun gəlmədiyi üçün təkrar baxılmalı və müvafiq dəyişikliklər edilməlidir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top