“Hindistanlı turistlər arasında Azərbaycanda ailə quranlar var” — Turizm eksperti

GÜNDƏM 30 sentyabr 2024, 19:48
Paytaxt Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir. “Skyscanner” platformasının 2024-cü il üzrə yayımladığı səyahət trendləri hesabatında maraqlı faktlar əksini tapıb. Bakı hindistanlı turistlərin çox axtardığı istiqamətlər siyahısında üçüncü yerdədir. Dövlət Turizm Agentliyinin xəbərində bildirilir ki, platformada Bakı şəhəri üzrə axtarış 438% artıb. Hesabatda o da qeyd olunur ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində 22% ucuzlaşma olub. Bu da Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir. Agentliyin statistikasına görə 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151% artımdır.

Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, uzun müddətdir Azərbaycana hindistanlı turistlər gəlməkdədir:

“Hətta min, 2-3 min nəfərlik qruplar şəklində hindistanlı turistlər Azərbaycana axın edir, kollektiv səhayətlər artıb. Bunun bir neçə səbəbi var. Əhalisinə görə Hindistan dünyada ilk 10-luqdadır, 2 milyarda yaxın əhalisi var. Bir sıra ölkələrə, o cümlədən, Azərbaycana səhayət edirlər. Bir neçə yerli turizm şirkəti ilə müqavilələri var. Zavod və fabriklərin həmkarlar ittifaqları, universitetlərin tələbə təşkilatları Azərbaycanda turizm şirkətlərinin hesabına pul köçürür və işçilərini, tələbələri Azərbaycana göndərir. Buna görə də səfərlər kütləvi baş verir. Hindistanlılar hətta burada tədbirlər keçirir, ad günləri qeyd edir, ailə quranlar belə var. Azərbaycanlıların da Hindistana marağı var. Sovet dövründə, elə indi də hind kinolarına maraq böyük olub, bu kinolarla böyüyən nəsil yetişib. Hindistanlılar hətta Bakıda sahibkarlıq obyektləri açır, aralarında restoran, otel işlədənlər var. Yəni, pakistanlılarla olduğu kimi, hindistanlılarla da bizi bəzi məqamlar birləşdirir, ölkəmizə maraqları böyükdür”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top