COP29-un Azərbaycanda daşınmaz əmlak bazarına təsirləri — Qiymət artımı gözlənilir?

SOSİAL 19 sentyabr 2024, 16:43
“Adətən, beynəlxalq tədbirlər zamanı və ya hər hansı digər səbəbdən ölkəyə gələn xaricilər, xüsusən də xarici investorlar arasında sonradan həmin ölkədə daşınmaz əmlak sektoruna yatırım edən insanlar olur. Əgər ölkəni bəyənirlərsə, daşınmaz əmlak sektorunda pay sahibi olmaqdan da çəkinmirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında daşınmaz əmlak sahəsin üzrə ekspert Elnur Fərzəliyev deyib. 

E.Fərzəliyev COP29 tədbiri zamanı ölkəmizə turist axınının daşınmaz əmlak bazarına göstərəcəyi təsirləri qiymətləndirib:


“Azərbaycanda müxtəif vaxtlarda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Belə tədbirlər keçirilən zaman ölkəyə xeyli sayda xarici qonaq və turistlər gəlir. COP29 bu vaxta qədər Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbirlərdən biri olacaq. Ölkəmizə 80 minə yaxın xarici qonağın gələcəyi gözlənilir. Düzdür, onlar qısa müddət ərzində Azərbaycanda qalacaqlar, amma, gəlin, dünya təcrübəsinə nəzər salaq. Ölkəyə bu qədər turistin gəlməsi iqtisadi baxımdan əlverişlidir. Bu müddət ərzində bütün iaşə müəssisələri daha aktiv çalışacaq. COP29-un hazırda ölkənin əmlak bazarına verdiyi ən böyük töhfə xüsusən yol kənarlarında və şəhərin mərkəzində olan köhnə binaların restavrasiya olunması, boyanması, yolların çəkilməsidir. Köhnə binaların xarici görünüşü gözəlləşməklə yanaşı həm qiyməti artıb, həm də mövcud tələbat. Bəzi binalar var ki, fasadı bərbad vəziyyətdə idi, indi yenilənib”.  

Ekspert COP29 səbəbilə daşınmaz əmlak bazarında ehtimal edilən qiymət artımı məsələsinə də toxunub:

“Sırf COP29 səbəbilə daşınmaz əmlak bazarında qiymətlərin artacağı fikri real deyil, eləcə də kirayə bazarında. Çünki gələn qonaqların demək olar ki, hər biri dövlət tərəfindən dəvət olunub. Dövlət xətti ilə həmin qonaqlar müxtəlif otellərdə yerləşdiriləcəklər. Lakin həmin qonaqların sonradan ölkəyə gəlib əmlak sektorunda yatırımlar etməsi gözləniləndir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top