Azərbaycanda pensiyaların verilməsində İsveçrə modeli tətbiq oluna bilər — AÇIQLAMA

SOSİAL 19 sentyabr 2024, 16:27
Növbəti ildən minimum əməkhaqqının, sosial ödənişlərin, pensiya və təqaüdlərin artırılacağı bildirilir. Pensiyaların artırılmasına yaşlı insanların çox ehtiyacı var. Bəziləri tək yaşayır, bəziləri mütəmadi müalicə alır, səhhəti ilə bağlı gündəlik dərman qəbul edir. Aldıqları pensiyanın məbləği isə çox vaxt zəruri xərclərini ödəməyə yetmir.

Bir çox inkişaf etmiş ölkələr tətbiq etdiyi pensiya modeli ilə seçilir. Məsələn, İsveçrədə bu ilin mart ayında pensiyalarla bağlı maraqlı yenilik baş verdi. İsveçrə sakinləri referendumda hər il 13-cü pensiyanın ödənilməsinin lehinə səs verdilər. Bundan sonra Milad bayramı ərəfəsində onlara əlavə ödəniş ediləcək. Hökumətin yaydığı məlumatda bildirilirdi ki, İsveçrə hakimiyyət orqanlarının ilkin hesablamalarına görə, bunun üçün hər il dörd milyard frankdan (təxminən 4,52 milyard dollar) çox vəsait tələb olunacaq. 

Eyni zamanda, Nazirlər Kabineti bəyan edib ki, onların növbəti illərdə pensiya ödənişləri üçün yetərincə maliyyə vəsaiti var. Hökumət 2024-cü ilin sonuna qədər yeni ödənişlərlə bağlı ətraflı qərar təqdim edəcək.


Azərbaycanda da pensiyaların verilməsində İsveçrə modeli tətbiq oluna bilərmi? 


Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, İsveçrənin imkanları ilə bizim imkanlarımız arasında fərq böyükdür: 

“İsveçrə gəlir səviyyəsinə görə dünyada öndə olan ölkələrdən biridir. Avropa Birliyi məkanında adambaşına düşən gəlir səviyyəsinə görə də lider ölkələrdəndir. Yüksək yaşam standartlarına malikdir. Dünya Bankının yarandığı illərdən bəri İsveçrə maliyyə imkanlarına, əhalinin yaşayış səviyyəsinə görə, iqtisadi-sosial şəraiti baxımından seçilən ölkələrdən olub. Ölkə bu gün də bu keyfiyyətləri özündə saxlayır. Orada əhalinin rifahının artırılmasına yönəlik qərarların qəbul edilməsi heç də təəccüblə qarşılanmır. 

Əlbəttə, biz də istəyərdik ki, Azərbaycanda yaşlı insanlar yüksək pensiya alsınlar, dolanışıqları yaxşı olsun, imkanları genişlənsin. Amma bu, arzudur, nəsə diqtə etmək mümkün deyil. Büdcə imkanlarına baxılmalı, iqtisadi təhlillər ortaya qoyulmalıdır. Pensiyaların yüksək miqdarda olmasına nə dərəcədə imkanımız var – bunu yalnız mütəxəssislər mövcud imkanları analiz edərək deyə bilərlər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top