Bakıda ər arvadına xəsarət yetirdi

HADİSƏ 18 sentyabr 2024, 15:07
Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Kənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Aydana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində baş verib. Kənan həmin ünvanda yerləşən nömrəsiz fərdi yaşayış evində qeyri rəsmi yaşadığı Aydan ilə aralarında baş vermiş mübahisə zəminində yumruqla və yerdən götürdüyü ayaqqabı ilə onun sifət, baş, hər iki qol nahiyəsindən bir neçə dəfə qəsdən vurub. 

Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Aydan ilə təxminən 8 il müddətdir qeyri-rəsmi münasibətdə yaşayıb: “Birgə yaşadığımız dövrdə 2 azyaşlı övladımız olub. Hadisə günü, saat təxminən 6 radələrində yaşadığımız Türkan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yuxudan qalxaraq işə gedən zaman qol saatımı tapmadım. Aydandan saatın harada olduğunu soruşdum. Aydan isə kobud cavab verdiyini bildirdi. Bundan əsəbləşərək yaşadığımız evdə yerdən götürdüyüm ayaqqabı ilə Aydanın sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdim. Sonra Aydan döyülərək xəsarət alması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini bildirdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Aydanı yaşadığı evdə yerdən götürdüyü ayaqqabı ilə sifət və baş nahiyəsindən qəsdən vurub xəsarət yetirən zaman azyaşlı övladları evdə olsalar da, digər otaqda yatdıqları üçün hadisənin şahidi olmayıblar: “Aydan mənə kobud cavab verdiyi üçün aramızda baş vermiş mübahisə zəminində yerdən götürdüyü ayaqqabı ilə sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vurmuşam”. 
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top