11–14 sentyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu keçirilir.
Demokrat.az xəbər verir ki, 80 ölkənin təmsil olunduğu forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sentyabrın 12-də beynəlxalq forumun rəsmi açılış mərasimi keçirilib.
Sentyabrın 13-də Sankt-Peterburq Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib.
Nazir Adil Kərimli görüşdə “Beynəlxalq mədəni əməkdaşlığın perspektivləri” mövzusunda çıxış edib. Bildirilib ki, çoxmillətli ölkə olan Azərbaycan zəngin tarixi-mədəni irsə malikdir. Azərbaycanda hər bir mədəni sərvət dövlətin himayəsi altındadır: “Prezident İlham Əliyevin liderliyində həyata keçirilən dövlət siyasəti dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə yönəlib. Hər bir mədəni sərvət mühafizə edilməklə yanaşı, beynəlxalq aləmdə davamlı şəkildə təbliğ olunur”.
Nazir həmçinin qlobal iqlim dəyişikliyi şəraitində sıx beynəlxalq əməkdaşlığa və mədəniyyət sahəsində innovativ həllərdən istifadəyə ehtiyac olduğunu vurğulayıb. Qeyd olunub ki, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində mədəniyyət nazirlərinin görüşü təşkil ediləcək. Görüşdə iqlim dəyişikliyinin mədəni irsə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacaq.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova isə çıxışında xarici ölkələrlə mədəniyyət mübadiləsinə töhfə verən festivalların davamlı keçirilməsinin və təbliğinin vacibliyini qeyd edib.
Tematik panellər, dəyirmi masalar, görüşlər, təqdimat və sərgilər, konsertlərdən ibarət zəngin proqramı olan X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu sentyabrın 14-də başa çatacaq.