"Söhbət təhsil haqlarının artırılmasından getmir..." — Millət vəkili

GÜNDƏM 10 sentyabr 2024, 17:32
Xəbər verdiyimiz kimi, ali məktəblərdə illik təhsil xərclərinin miqdarı artırılıb.  Belə ki Nazirlər Kabinetinin ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan Qərarına dəyişiklik edilib. 5 ildən sonra bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə təhsil alanların illik təhsil xərclərinin miqdarı artırılıb. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Məsələyə münasibət bildirən millət vəkili Ceyhun Məmmədov deyib ki, uzun illərdən sonra belə bir dəyişikliyə ciddi zərurət var idi. C.Məmmədov Demokrat.az-a açıqlamasında söhbətin ali təhsil müəssisələrinin saxlanma xərclərinin artmasından getdiyini bildirib:

“Söhbət dövlət büdcəsində bir tələbənin təhsil alması üçün ayrılan vəsaitdən gedir. Əvvəllər dövlət büdcəsindən ali məktəblərə bir tələbəyə görə 1700 manat ayrılırdı. Bu artım universitetlərin büdcəsinə kömək edəcək və onlar maliyyələşməni daha rahat həyata keçirəcək. Həmçinin müəllimlərin maaşına, təhsilin keyfiyyətinə də müsbət təsirini göstərəcək. Söhbət təhsil haqlarının artırılmasından getmir, mövzunu kontekstdən çıxarmağa ehtiyac yoxdur. Artımı müsbət dəyərləndirirəm, amma universitetlər də nəzərə almalıdır ki, xərcləri həddən çox artırmaq olmaz”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top