"200-250 min hektar ərazi müasir suvarma metodları ilə suvarılsa bu sistem öz bəhrəsini verəcək” — AÇIQLAMA

GÜNDƏM 03 sentyabr 2024, 18:40
Xəbər verdiyimiz kimi Azərbaycanda gələn ildən “yaşıl subsidiya”lar tətbiq olunacaq. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Tərəflər Konfransının (COP29) çağırışları nəzərə alınaraq, iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli istifadəni və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə əlavə əkin subsidiyası veriləcək. İşğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib.

İqtisadçı Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, əkin sahələrinin müasir suvarma sistemləri ilə təchiz edilməsi vacib məsələdir:

“Çünki selləmə-suvarma metodu ilə suvarılan torpaqlarda su yerin təkinə daha çox yayılır və qrunt suları ilə birləşir. Nəticədə zərərli duzları yerin münbit qatına qaldırır, bu da şoranlaşmaya səbəb olur. Müasir metodlarla suvarma bunu aradan qaldırır, nəticə etibarilə məhsuldarlığın aşağı düşməsinin qarşısı alınır. Suvarma müasir metodlarla həyata keçirildikdə sahələrin suya tələbatı 8-10 dəfə aşağı düşür, yəni daha az həcmdə su ilə sahələri tamamilə suvarmaq mümkün olur, suya qənaət edilir. Digər ərazilərdə təsərrüfatla məşğul olan fermerlərə də su çatır. 

Ekspertin sözlərinə görə, təəssüf ki, cəmi 38 min hektar ərazidə indiyə qədər müasir suvarma metodları tətbiq edilib:

“400-500 min hektardır halbuki ölkədə suvarılan torpaqlar. Üstəlik 1,5 milyon hektar əlavə torpaq sahəsi var ki, onların bir hissəsində dəmyə məhsullar əkilir, bir hissəsində isə ümumiyyətlə əkilmir. Müasir suvarma metodlarının daha bir üstünlüyü də ondan ibarətdir ki, burada artıq relyef amili müəyyən qədər aradan qalxır. Suyun çatmadığı yamacları damcı üsulu ilə suvarmaq mümkün olur. 200-250 min hektar ərazi müasir suvarma metodları ilə suvarılsa bu sistem öz bəhrəsini verəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top