“Putinin Azərbaycana səfəri fonunda Ermənistan təxribatları artırıb — Politoloq

XARİCİ SİYASƏT 19 avqust 2024, 19:40
“Son günlər Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddində təxribatları intensivləşdirməsinin arxasında Qərb dayanır. Xüsusilə də, Fransanın Ermənistanı silahlandırması və təxribatlara təhrik etməsi diqqətdən qaçmır”. 

Bu sözləri Demokrat.az-a açıqlamaslnda politoloq Turan Rzayev deyib.  

O bildirib ki, ABŞ-nin Ermənistanda tədricən hərbi varlığını artırması bu ölkəni cəsarətləndirən başlıca faktorlardandır:

“Burada təbii ki, Rusiya və Qərbin təsiri böyükdür.  Şərti dövlət sərhədində baş verən təxribatlar həm Rusiya, həm də Avropa ilə bağlıdır. Hazırki məqamda yeni təxribatların kökündə Avropa dayanır.  

Xüsusilə də Putinin Azərbaycana səfəri fonunda  bu təxribatların baş verməsi təsadüfi deyil. Bu həm rəsmi Bakı, həm də Kremlinin özünə mesajdır ki, regiondakı Rus varlığından Qərb narahatdır. Amma bütün bunların nəticə etibarilə müharibəyə səbəb olacağınl düşünmürəm. 

Bəli, Qərb Ermənistanı silahlandırır, amma bu silahları istifadə edəcək əsgərə, hərbçiyə ehtiyac var. Ermənistan 44 günlük müharibədən sonra kifayət qədər ciddi kadr ehtiyyatını itirib. Bu kadr çatışmazlığı da Ermənistan ordusundakı displini və döyüş əzmini  real praktik döyüşlərdə ordunun idarə edilməsi gücünü aşağı salıb. Yəni, Ermənistanın aldığı yeni silahları istifadə edəcək kadrlar da yoxdur. Bu silahlar Ermənistana pulsuz verilsə də, kadrların yetişdirilməsi üçün Fransaya, Amerikaya  hərbçilər göndərməlidir. Ona görə də Ermənistanın bu tezliklə müharibəyə başlayacaq gücünün olacağını düşünmürəm. 

Təbii ki, sərhədə kiçik çaplı atışmaların olması mümkündür. Bu hər zaman olub. Amma ümumi mənada Ermənistanın müharibə edəcək nə gücü nə də qüvvəsi yoxdur. Təbii ki, zərurət yaranarsa, Azərbaycan Ermənistana lazimi cavab verəcək”.


Mehriban Mirzəzadə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top