“Arvadımın məni öldürmək istədiyini hiss etdim” — Dəhşətli qətlin təfərrüatı

KRİMİNAL 06 avqust 2024, 12:48
Bakının Xətai rayonunda 1961-ci il təvəllüdlü İlham Həşimov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1966-cı il təvəllüdlü Rəhiməni öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlham əziyyət çəkdiyi “paranoid şizofreniya” xroniki psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan 1990-cı ildən rəsmi nikahda olduğu arvadı Rəhimənin onu öldürəcəyini zənn edib. O, Rəhiməni qəsdən öldürmək qərarına gəlib. 

İlham 6 yanvar 2023-cü ildə saat 1 radələrində yaşadıqları mənzilin mətbəxindən götürdüyü bıçaq və çapacaqla həmin mənzilin yataq otağına daxil olub. Çarpayıda arxası üstə yatmış olan arvadına çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlərdən ölüb. 

Hadisəni törədən İlhamın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham bildirib ki, 1990-cı ildə əmisi qızı Rəhimə ilə rəsmi nikaha daxil olub və həmin nikahdan iki övladı dünyaya gəlib: “2006-cı ildə isə ailəm ilə birlikdə İmişlidən Bakıya köçdüm. Qardaşlarımın köməkliyi ilə aldığım Zığ Yolu küçəsindəki mənzildə yaşamağa başladım. Arvadım Rəhimə orta məktəbin yeməkxanasında işləyib.  Qızım İlahə 2015-ci ildə ailə həyatı qurub, hazırda ailəsi ilə yaşayır. Oğlum Elşad isə subaydır, mağazalar şəbəkəsində işləyir. Ailədə arvadım ilə aramızda tez-tez baş verən münaqişələrə görə əsəblərim pozulub. Buna görə 1997-ci ildə ruhi əsəb xəstəxanasına yerləşdirilmişəm. Müxtəlif vaxtlarda 2 saylı ruhi-əsəb xəstəxanasında müalicə olunmuşam. Xəstəliyim ilə əlaqədar 2001-ci ildə təqaüdə çıxmışam”. 

İlham qeyd edib ki, 2022-ci ilin sentyabr ayından arvadı Rəhimənin onu öldürtmək istədiyini hiss edib: “Buna görə də hər bir vasitə ilə özümü qorumağa çalışdım. Rəhimənin məni öldürmək üçün bişirdiyi yeməklərə nə isə qatdığım fikirləşərək həmin yeməkləri yeməmişəm. Rəhimə səhər tezdən işə gedib, ordan çıxaraq İlahəgilə gedib və həftə sonları orada qalıb. Sonuncu yay aylarında on günlərlə evə gəlməyib. Mən son günlər təhlükənin lap yaxınlaşdığını hiss etdim. Nəhayət səbrim tab gətirmədi”. 

İlhamın ifadəsinə görə, 6 yanvar 2023-cü ildə saat 1 radələrində arvadını öldürmək qərarına gəlib: “Bizim mənzil üç otaqlıdır, iki yataq otağı və bir qonaq otağından ibarətdir. Rəhimə ilə mən ayrı-ayrı otaqlarda yatmışıq. Rəhiməni öldürmək qərarına gəldikdən sonra mətbəx bıçağı ilə ət çapacağını götürdüm. Onun yataq otağına daxil oldum. Həmin vaxt Rəhimə öz çarpayısında arxası üstə yatmışdı və tərpənmədi. Rəhiməyə yaxınlaşaraq ət çapacağı ilə onun baş nahiyyəsindən bir neçə dəfə ardıcıl vurdum. Rəhimə sürüşərək çarpayının qarşısında yerə yıxıldı. Bundan sonra Rəhimənin bədəninin müxtəlif yerlərinə bıçaqla da bir neçə dəfə vurdum. Sonda bıçağı Rəhimənin qarnına sancdım. Bıçağı çıxartmadım. Artıq arvadımın öldüyünü gördüm və otaqdan çıxdım. Ətçapanı aparıb özüm yatdığım otaqda çarpayının yanındakı dolabın siyirtməsinə qoydum. Sonra qonaq otağında oturaraq gözlədim. Bir qədər sonra oğlum Elşad qapını döyməyə başladı. Mən isə oğlumun mənə nəsə edəcəyindən qorxaraq qapını açmadım. Çöldəki səs küydən qapının qarşısında çoxlu adam olduğunu başa düşdüm. Təxminən 2 saatdan sonra mənzilin giriş qapısı sındırıldı. Polislər və başqa adamlar mənzilə daxil oldular. Mən arvadımı bıçaqla vuraraq öldürdüyümü dedim. Məni polis bölməsinə apardılar”.

İş üzrə zərərçəkmiş Rəhimənin hüquqi varisi qismində ifadə verən Elşadın sözlərinə görə, atası İlham və anası Rəhimə doğma əmi uşaqları olublar: “Atam və anam 1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Həmin nikahdan 1995-ci ildə mən, 1991-ci ildə isə  bacım İlahə anadan olmuşuq. Atam ali təhsilli iqtisadçı olub, bank sistemində və dövlət qurumlarından birində mühasib işləyib. 2006-cı ildə ailəvi olaraq Bakı şəhərinə köçdük və Xətai rayonunun Zığ Yolu küçəsində mənzildə  yaşamağa başladıq. Bakıya köçdükdən sonra atam taksi sürücüsü, anam isə Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbdə yeməkxanada işləyib. Bacım İlahə 2015-ci ildə ailə həyatı qurub və ailəsi ilə birlikdə Yasamal rayonunda yaşayır”. 

Elşad qeyd edib ki, 2015-ci ilin iyun ayından mağazalar şəbəkəsinin “Xutor” filialında müdir müavini vəzifəsində çalışır: “Atam ilə anam arasında heç vaxt ciddi münaqişələr olmayıb. Yalnız ailədaxili xırda söz-söhbətlər olub. Atam təxminən 2000-ci ildən psixoloji problemlərdən əziyyət çəkir. Son zamanlar atamın vəziyyəti daha da ağırlaşdı. Atamda psixoloji problemlərinin yaranmasının səbəbini bilmirəm. Atam özünü qəribə aparıb, heç bir əsas olmadan kiminsə tərəfindən öldürüləcəyini düşünüb. Amma xəstəliyi ilə əlaqədar aqressiv hərəkətləri olmayıb. Başqasına və ya özünə fiziki xəsarət yetirməyib. Atam özünün xəstə olduğunu qəbul etməyib, sağlam olduğunu deyib, həkimlərin yazdığı dərmanları qəbul etməkdən imtina edib”. 

Elşadın sözlərinə görə, ilk dəfə 19 fevral 2002-ci ildən 9 mart 2002-ci ilədək, ikinci dəfə isə 4 iyun 2020-ci ildən 19 avqust 2020-ci ilədək 2 saylı psixiatriya xəstəxanasında stasionar müalicədə olub: “29 dekabr 2022-ci ildə atam özünü narahat hiss etdiyindən biz yenidən 2 saylı psixiatriya xəstəxanasına müraciət elədik. Xəstəxanada bizə kəskin simptomlar olmadığından və yaş məhdudiyyəti olduğundan atamı yaşı ilə əlaqədar digər xəstəxanaya, gerontoloji şöbəyə yerləşdirməli olduqlarını bildirdilər. Bu vaxt atam tualetə getmək adı ilə yanımızdan uzaqlaşaraq evə qayıtdı. Atamı xəstəxanaya yerləşdirmək mümkün olmadı. Bundan sonra heç bir problem yaranmadı. 31 dekabr 2022-ci ildə, yəni Yeni il gecəsi ailəvi olaraq bayramı bir yerdə qeyd etdik. Bacım da öz ailəsi ilə birgə bizdə qonaq oldu. Həmin vaxt atam sakit olub, aqressiv hərəkətlər nümayiş etdirməyib”. 

Elşadın bildirdiyinə görə, 5 yanvar 2023-cü ildə valideynləri evdə olub: “Biz birgə axşam yeməyi yedik, evdə heç bir problem olmadı. Həmin gün axşam növbəsində olduğumdan saat 18 radələrində evdən çıxaraq işə getdim. Saat 23:30-da kassanı təhvil verdim, iş yoldaşımı evə düşürdüm. Saat 1 radələrində yaşadığım mənzilə getdim. Qapını döysəm də, açan olmadı. Odur ki, valideynlərimin mobil telefonlarına zəng etdim. Heç biri zənglərə cavab vermədi. Narahat olaraq qonşumuz, doqquzuncu mərtəbədə yaşayan dostum Səbuhiyə zəng etdim. Səbuhi bizim mənzilinin qarşısına gəldi. Birlikdə yenidən qapını döysək də, qapını açan olmadı. Bundan sonra Səbuhi 112 və 102 xidmətlərinə zəng etdi, yaşlı şəxslərin evdə bağlı qapı arxasında qaldıqlarını bildirdi. Bundan sonra Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları gələrək qapını açdı. Atamın qonaq otağında oturduğunu, anamın isə yataq otağında qan içində, qarnına bıçaq batırılmış vəziyyətdə olduğunu gördük. Bu hadisəni görəndə vəziyyətim pisləşdi və huşumu itirdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş İlham Həşimov cinayət məsuliyyətindən azad edilib. Ona ixtisaslaşdırılmış psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin edilib. Hökmün icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top