ABŞ seçkiləri bitkoinin qiymətinə də təsir edib — Harris seçilərsə...

GÜNDƏM 05 avqust 2024, 22:28
İlk kriptovalyuta olan bitkoin 50 min dollar səviyyəsindən aşağı düşüb. Bitkoindən sonra digər altkoinlər də 30%-ə qədər dəyər itirməyə başlayıb. Hazırda bitkoin 51 min 500 dollar ətrafında ticarət olunur. Kriptovalyua bazarında “krizisin” əsas səbəbləri nədir?
      

“Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, kriptovalyutaların qiymətinin düşməsi, əslində, qlobal fond bazarlarında daha geniş problemlərin əksidir: 



“ABŞ-da mümkün tənəzzüllə bağlı qorxular artır ki, bu da bütün dünyada riskli aktivlərin satışına səbəb olub. Böyük ehtimal ki kriptovalyuta bazarındakı korreksiyanın əsas drayveri Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi nəticəsində ABŞ fond bazarında ötən həftədən davam edən çöküş olub. Bundan əlavə, kriptovalyuta bazarında qiymətlərin enməsinə təsir edən bir sıra əsaslar var”. 

Ekspertin sözlərinə görə ABŞ-də qarşıdan gələn prezident seçkiləri kriptovalyuta bazarına da qeyri-müəyyənlik gətirib:

“Prezidentliyə namizəd Kamala Harris populyarlıq qazanmağa başlayıb, kripto icmasının dostu Donald Tramp isə mövqelərini itirir. İnvestorlar Harrisin qələbəsinin kriptovalyuta bazarına mənfi təsir göstərəcəyindən narahatdırlar.

Makroiqtisadi qeyri-müəyyənlik də səbəblər sırasındadır. Bitkoin ABŞ-də məşğulluq məlumatlarının dərci fonunda ucuzlaşıb. Yeni iş yerlərinin sayı gözləniləndən xeyli az idi və bu, mümkün tənəzzül qorxusunu gücləndirdi. Nasdaq və S&P 500 fond indeksləri də bu xəbərə mənfi reaksiya verib”. 

E.Quliyev onu da qeyd edib ki, Yaponiya Mərkəzi Bankı gözlənilmədən əsas faiz dərəcəsini artırıb: 

“Qərar Yaponiya fond indekslərinin aşağı düşməsinə səbəb oldu və qlobal bazarlara da təzyiq göstərdi. Uçot faiz dərəcəsinin dəyişməsi ilə bağlı ABŞ Federal Ehtiyat Sisteminin qeyri-müəyyənliyi də maliyyə bazarlarına təzyiqi artırıb. 
Bundan başqa kriptovalyuta fondlarından kapital axını kriptovalyuta bazarına mənfi təsir göstərib. Belə şəraitdə ETF emitentləri aktivlərini satmağa məcbur olurlar və onların hərəkətləri kriptovalyutaların məzənnəsinə təzyiq göstərir”.
        
İqtisadçı ekspert hesab edir ki, bitkoinin qiymətində yenidən artım potensialı qalmaqdadır: 

““Kripto balina”lar bitkoinin düşməsindən rəqəmsal aktivləri cəlbedici nisbətdə almaq üçün mütəmadi olaraq istifadə edir. İri investorların bazarda bu davranışı onların bitkoinin gələcəkdə müsbət hərəkəti perspektivlərinə inamından xəbər verir. Böyük ehtimal ki, noyabr ayına qədər qiymətlərin yenidən bahlaşmasını müşahidə edəcəyik”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 14:16
08 sentyabr 2024, 11:10
Top