Çempion olan Zelim Kotsoyev kimdir? — DOSYE

İDMAN 02 avqust 2024, 13:12
Xəbər verdiyimiz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən cüdoçu Zelim Kotsoyev final görüşünə çıxıb.

100 kq çəki dərəcəsində onun finaldakı rəqibi gürcü cüdoçu İlya Sulamanidze olub.

Gərgin keçən dueldə Kotsoyev rəqibinə qalib gələrək Olimpiadanın qızıl medalına yiyələnib.

Zelim Kotsoyevin dosyesini təqdim edirik:

Zelim Kotsoyev 9 avqust 1998-ci ildə Şimali Osetiyanın Beslan şəhərində anadan olub. 

O, ilk qələbəsinə 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında qazanıb. Zelim Kotsoyev həmin turniri bürünc medalla başa vurdu. İdmançı bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Daha sonra, 2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zelim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edilib. 2015-ci ilin iyulunda Zelim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib olub. Kotsayev həmin ilin avqustunda həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub.

Zelim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atıb. O, 2017-ci ildə Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi olub.

Z.Kotsoyev 2018-ci ilin aprelində Antalya şəhərində IJF Antalya Qran-Prisinin qalibi olub. Həmin ay İsrailin Təl-Əviv şəhərində baş tutan Avropa Çempionatında isə Zelim Kotsoyev bürünc medalın sahibi olub. Daha sonra, 2019-cu ildə Avropa Oyunları və Dünya Çempionatında uğursuz çıxış edən idmançı il ərzində IJF Qran-Pri və Grand Slam seriyalı beynəlxalq turnirlərdə 2 gümüş və 2 bürünc medala sahib oldu.

2023-cü il də Zelim Kotsoyev üçün uğurlu mövsüm oldu. Fransa, İsrail və Azərbaycanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərində 1 qızıl və 2 bürünc medala sahib olan Zəlim Kotsoyev mayda Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurub. O, noyabr ayında Fransanın Monpelye şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Avropa Çempionatının qızıl medalına sahib oldu.

Zelim Kotsoyev son olaraq, 2024-cü ilin mayında BƏƏ-nin Əbu-Dabi şəhərində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya çempionu olub. Nəticədə çempion idmançımız IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib olub. (musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top