Yeni hərəkət zolaqları tıxaca səbəb olur? — AYNA aydınlıq gətirdi

GÜNDƏM 27 iyul 2024, 19:45
Müşahidələrə əsasən, yay aylarında  yollarda tıxac və sıxlıq daha az rast gəlinir. Amma son zamanlar bunu demək qeyri-mümkündür.  Sürücülər isə bu durumdan çox narazıdır. Onların fikirincə, tıxacların artmasına səbəb yollarda yeni hərəkət zolaqlarının çəkilməsidir. 

Sürücülər bildirirlər ki,  bu onların işini asanlaşdırılması üçün nəzərdə tutulsa da, heç də belə deyil. Əksinə, bu yeni hərəkət zolaqları tıxacların sayının artmasına daha da böyük təsir edir. Bəs həqiqətən də bu belədirmi? Yeni salınan hərəkət zolaqları tıxac yaradırmı?


Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki,  tıxacların sayı artmayıb:



“ Yayda adətən sıxlıq azalır və bu səbəbdən də tıxaclar da azalır. Sadəcə sıxlıq, tıxaclar, müxtəlif səbəbləri var. Amma yollarda yeni hərəkət zolaqların salınması da tıxaclara səbəb olur deyə bilmərəm.

Hər halda zolaqlar çəkilərkən, yol nişanları qoyularkən,  bu yollarda xətlənmə işləri aparılarkən bunlar hamısı nəzərə alınır və bir neçə qurum burada iştirak edir”.

Məsələyə  mövqeyini bildirən  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov  qeyd edib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə mobilliyin transformasiyası proqramı həyata keçirilir.

Qurum rəsmisinin sözlərinə görə, əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb:



“Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb. 

Hazırda Bakıda 23 küçə və prospektdə uzunluğu 66,3 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu il daha 30-a yaxın küçə və prospekti əhatə edən 40 kilometrdən çox uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək.

Avtobus zolaqlarının əhəmiyyətinə gəlincə, bu, bir necə amillə təsdiqlənir. Belə ki, ictimai nəqliyyat hərəkət cədvəli üzərində fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox adamın danışmasına imkan yaradır”.

Qurum sözçüsü həmçinin onu da bildirib kİ, avtobus parkının yenilənməsi və  genişləndirilməsi istiqamətində də işlər aparılır:

“Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top