Gələn aydan özəl internet şirkətlərində qiymətlər qalxacaq? — ARAŞDIRMA

GÜNDƏM 25 iyul 2024, 19:37
Son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri də internetin bahalaşacağı ilə bağlıdır.Belə ki, “Aztelekom” və “Baktelekom” şirkətləri artıq öz səhifələrində bu barədə xəbərdarlıq ediblər.

Bildirilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq və 15 avqust 2024-cü il tarixindən etibarən qiymətlərdə dəyişikliklər ediləcək.

Şirkətlər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaqlar. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Beləliklə, hazırda 18 manata olan minimum internet paketi 25 manata təklif olunacaq.

Bəs özəl internet provayderlər bu məsələyə necə yanaşır? Gələn aydan onlar da qiymətləri qaldıracaqmı?

Məsələ ilə bağlı Bakupost.az internet şirkətləri ilə əlaqə saxlayıb.

AzFibernet-dən bildiriblər ki, hazırda qiymətlərdə dəyişiklik yoxdur:

“Qiymətlər sürətdən asılı olaraq, 18-35-50 manat arasında dəyişir. İnternetin qiymətinin bahalaşacağı ilə bağlı məlumatımız yoxdur. Əgər qiymət dəyişikliyi olarsa, müştərilərimizə məlumat veriləck”.

AzStarnet: “İnternet qiymətləri 18-20-28-45 manat arasında dəyişir. Hazırda köhnə qiymətlərdir. Artım olacağı ilə bağlı məlumatımız yoxdur”.

Connect: “Şirkətdə internet qiymətləri 11 manatdan 45 manata kimi dəyişir. Qiymət dəyişikliyi ilə bağlı məlumatımız yoxdur”.

Cityline: “Qiymətlərimiz 18-25 manat arasındadır. Bahalaşma ilə bağlı məlumatımız yoxdur. Hamıda qiymət artımı olarsa, əlbəttə, bizdə də olacaq”.

KaTV isə qiymət artımını təsdiqləyib: “Qiymətlər 18-40 manat arasında dəyişir. Avqustun 5-dən 100 Mbit/s sürət 25 manata olacaq”.

Alfanetoptik: İnternet qiymətləri 12-20-30-40 manat aralığındadır. Qoşulma zamanı 40 AZN ADSL modemi üçün, 5 AZN isə qoşulma haqqı ödənilir. Qiymətlərin qalxacağı ilə bağlı məlumatımız yoxdur”.

Citynet: “İnternet tarif qiymətlərimiz 40 Mbit/s 17.99AZN, 100 Mbit/s isə 37.99 AZN-dir. Avqustun 2-dən minimal internet qiyməti 25 AZN olacaq. Bu zaman internetin sürəti də artacaq. 37.99 AZN-lik paket isə 33 manata enəcək. Yəni fiberoptik internet qiymətləri dəqiq qalxacaq, 25 AZN olacaq”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top