Deputat: “Bu hazırlığı nə məktəb verir, nə orta, nə də ali təhsil”

GÜNDƏM 07 may 2025, 19:30
Ev təsərrüfatlarının tədqiqi göstərir ki, Azərbaycanda ailə başçısı qadın olduqda adambaşına düşən istehlak xərcləri təxminən 4 faiz artır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat paylaşıb. Ev təsərrüfatlarında ay ərzində adambaşına düşən xərc başçı kişi olduqda 361 manat, qadın olduqda isə 376 manat təşkil edib. 

Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında deyib ki, qadın və kişi arasında xərcləmə fərqlərinə yönəlmək düzgün deyil:

“Açıq şəkildə demək olar ki, bu statistik məlumatın nəyə əsaslandığını müəyyən etmək çətindir, çünki bu mövzu ümumiləşdirilməyə uyğun deyil. 

Eyni zamanda, tam əksi nəticələr də ortaya çıxa bilər. Belə bir statistika üzərindən konkret nəticələr çıxarmaq doğru olmaz. Əsas məsələ, kimliyindən asılı olmayaraq, insanların qənaətcil xərcləmə vərdişlərinə yiyələnməsi və bu davranışa alışdırılmasıdır”.

Deputat bildirib ki, xarici ölkələrdə bu sahədə maraqlı təcrübələr mövcuddur:

“Məsələn, bəzi ölkələrdə dövlət 18 yaşına çatmış şəxslərin hesabına illik təxminən 23,000 avro vəsait köçürür, lakin bu vəsaitin ayda yalnız müəyyən bir hissəsini – məsələn, 40 avronu – xərcləməyə icazə verir. Bu yolla həmin şəxsi istər qadın, istər kişi gələcək ailə həyatına və maddi məsuliyyətə tədricən hazırlayırlar. 

Biz isə nə qadınları, nə kişiləri bu istiqamətdə hazırlamırıq. Gənclər yalnız ətraflarında gördüklərini və özlərində formalaşdırdıqları düşüncələri əsas tutaraq qərar verirlər. Əsl problem də buradadır. Bu məsələyə daha fərqli yanaşma ilə yanaşmalı və “nəyə görə biz lazımi hazırlığı verə bilmirik?” sualına cavab axtarmalıyıq. Bu hazırlığı nə məktəb verir, nə orta təhsil sistemi, nə də ali təhsil. Əsas məsələ odur ki, insan müəyyən mərhələyə çatmazdan əvvəl həyat üçün lazımi bacarıqlarla təchiz edilməlidir. Hazırda isə biz bu hazırlığı təmin edə bilmirik”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top