Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qaladır

SİYASƏT 02 oktyabr 2025, 10:33
“Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri, tarixi əlaqələr və strateji əməkdaşlıq heç bir media kampaniyası ilə sarsıla bilməz. Hər hansı bir media qurumu və ya ayrı-ayrı şəxslərin iki qardaş ölkə arasında nifaq yaratmağa, münasibətləri pozmağa yönəlik cəhdləri nəticə verməyəcək. Çünki iki qardaş ölkə zaman-zaman belə fəaliyyətlərin şahidi olub və həmin pozuculuq fəaliyyətlərinə dostluq, qardaşlıq əlaqələrini daha da dərinləşdirməklə cavab verərək onları neytrallaşdırmış olub”.

Bu fikirləri Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov son günlər Türkiyənin bəzi media qurumlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycan əleyhinə yer alan kampaniyalar, dərc edilən yazılara münasibət bildirərkən səsləndirib. ATXƏM sədri deyib ki, bu kampaniyanın arxasında Türkiyə-Azərbaycan birliyini, dostluq və qardaşlığını pozmağa, ona zərbə vurmağa çalışan qüvvələr dayanır:

“Yaxın tariximizdə baş verən bayraq insdenti, Dağlıq Qarabağ problemi mövcud olduğu dönəmdə tez-tez gündəmə gələn Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüslər, bədnam Sürix protokolunun gündəmə gəlməsi, hazırkı situasiyada qardaş ölkənin bəzi media orqanlarında əksini tapan Azərbaycan əleyhinə yazılar, hesab edirəm ki, bütün bunlar hamısı bir mərkəzdən idarə olunur və Türkiyə ilə Azərbaycan arasında münasibətlərdə sərinlik yaratmağa hesablanmış ssenarinin tərkib hissələrindən biridir. Onların dərdi təkcə Azərbaycan deyil, onların dərdi eyni zamanda Türkiyədir, onun güclənməsi, söz sahibinə çevrilməsidir. Bir çoxları hesab edirlər ki, həmin kampaniyanı həyata keçirən Azərbaycanı sevməyən ünsürlərdir. Mən isə deyərdim ki, onlar nəinki Azərbaycanı, heç Türkiyəni, onun güc mərkəzinə çevrilməsini istəmirlər”.

İlham İsmayılov onu da deyib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışan həmin qüvvələrə əslində əhəmiyyət vermək də lazım deyil:

“Çünki onlara əhəmiyyət verib yazdıqlarına, irəli sürdükləri iddialara qarşı əks arqument qoyanda daha dərinə gedərək əlavə pozuculuq vasitələri barədə düşünür, yeni-yeni təxribat planlarını işə salırlar. Ona görə də ən yaxşı cavab belə təxribatçı fikirlərə səssiz qalmaqdır. Danışıb danışıb yorulacaqlar. Bu cür ünsürlərin ən yaxşı cavabını iki ölkənin liderləri, Azərbaycan Prezidenti İlham Əliyev cənabları ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz fəaliyyətləri, ortaya qoyduqları siyasi iradə, dostluq-qardaşlıq münasibətlərini daha da dərinləşdirmək istiqamətində atdıqları addımlarla verirlər. Ancaq mən təklif edərdim ki, müəyyən xarici qüvvələr, eləcə də onların daxildəki əlaltılarına Türkiyə-Azərbaycan münasibətlərini pozmağa yönəlmiş fəaliyyətlərə ayırdıqları vəsaiti daha səmərəli istiqamətə sərf etsinlər. Çünki onların bu kimi çirkin oyunları heç bir halda işə yaramayacaq və həmin pullar batacaq. Necə ki, İran illərlə Azərbaycanda daxili auditoriyanı ələ alıb öz məqsədlərini həyata keçirməyə çalışdı, Rusiya “5-ci kolon” yetişdirib planlarını həyata keçirməyə səy göstərdi, lakin heç bir nəticə hasil olmadı, eləcə də indiki məqamda Türkiyədə bəzi media qurumları üzərindən Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlər nəticə verməyəcək”.

ATXƏM sədri onu da vurğulayıb ki, düşməni, təxribatçı qüvvələri əsasən içəridə axtarmaq lazımdır:

“Onlar sanki suyun dibinə enərək fürsət gözləyən qüvvələrdir. Özü də bu kimi qüvvələr təkcə qardaş ölkədə deyil. Eyni zamanda biz də həmin fürsət axtaran qüvvələr mövcuddur. Kənarda olan düşmənlər hər birimizə məlumdur. Əsas odur ki, daxilimizdə olan düşmənləri zərərsizləşdirək”.

İlham İsmayılov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm, sarsılmaz bir qaladır, onun yanından nə qədər küləklər əssə də, həmin qaladan bir kərpic də qopara bilməz:

“Bu əsrlər boyu belə olub, bundan sonra da belə davam edəcək. Münasibətlərimizi zəiflətmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər. Birlik, dostluq-qardaşlıq, əməkdaşlıq və qarşılıqlı hörmət yoluyla irəliləməyə davam edəcəyik. Türkiyə–Azərbaycan əlaqələri tarixi və strateji xarakter daşıyır, bunlar adi mediya hücumları ilə pozulmaz. Eyni zamanda iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri dezinformasiya kampaniyaları ilə zəiflədilə bilməz”.

ATXƏM sədri sonda bir məqama da xüsusi olaraq diqqət çəkib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyindən narahat olan qüvvələrin fəallaşması onu deməyə əsas verir ki, Bakı-Ankara münasibətlərinin effektiv təsiri artıq təkcə regionda deyil, eyni zamanda dünyada da artır:

"Turan birliyi, Türk dünyasının birləşməsi, Türk İslam Birliyinin formalaşmasında iki qardaş ölkənin aktiv rol oynaması artıq kimlərisə narahat edir. Bütün bu təxribatlar Azərbaycan-Türkiyə dostluq-qardaşlığı, bu istiqamətdə birgə əməkdaşlığının effektiv təsiridir. Əks təqdirdə adi hallarda nə üçün belə təxribat xarakterli addımları müşahidə etmirik?. Bunu həm də mən öz təcrübəmdən çıxış edərək deyirəm. Biz ATXƏM olaraq Strasburqda Azərbaycan həqiqətləri, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması məqsədilə mitinqlər keçirərkən dərhal ermənilər də həmin əraziyə gəlir və gördüyümüz işi pozmağa çalışırdılar. O zaman mən daha çox sevinirdim ki, deməli mitinqimiz baş tutdu və həmin aksiyamızla kimlərisə narahat edə bildik. Bu mənada baş verən son təxribatlardan bir növ "sevinmək" lazımdır ki, deməli Azərbaycan-Türkiyə dostluq, qardaşlığı, hər iki qardaş ölkənin regional və beynəlxalq aləmdə baş verən proseslərdə aktiv rol alması kimlərisə narahat edir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top