Müasir dövrdə media insanların həyatında böyük rol oynayan, ictimai rəyə təsir edən güclü vasitədir

MEDİA 22 iyul 2024, 20:46

Müasir dövrdə insanlar dünyada baş verən hadisələrlə bağlı məlumatları ən çox media vasitəsilə alır, bu məlumatlar əsasında dünya haqqında təsəvvürü və konkret məsələ ilə bağlı fərdi və kollektiv mövqeyi formalaşır. Media artıq ənənəvi rolu olan informasiya istehsalı, emali və paylaşması funksiyasını aşaraq kommunikasiya aləti kimi cəmiyyətin sosial strukturları ilə əlaqə, yeni sosial-mədəni irs formalaşdırmaq və yaymaq qədər genişlənib. Azərbaycan Prezidentinin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu məqamlardan bir kütləvi şüura təsir alətlərindən biri olan və müasir dövrün ən güclü silahlarından hesab edilən dezinformasiya və manipulyasiya təbliğatı idi. Azərbaycanın da zaman-zaman məruz qaldığı bu təbliğat haqqında danışan dövlətimizin başçısı dezinformasiya və manipulyasiyanın iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinə təsirini xüsusi vurğuladı.

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva 2-ci Şuşa Qlobal Media Forumu ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, son on illikdə ictimai informasiya vasitələrinin fəal transformasiyası prosesi getdi və iqtisadi amil burada əsas məlumatverici funksiya kimi rol oynadı. Məhz iqtisadi dairələrin qlobal mediaya təsirləri siyasi məqsədlərə nail olmaq, qərarların qəbulunu qiymətləndirmək, iqtisadi potensiala təsir göstərmək, dövlətlərin siyasətinə təsir alətləri əldə etmək və digər məqsədlər üçün səfərbər edildi. Digər tərəfdən, sosial şəbəkələr gündəm diktə edir, sosial medianın fikir liderləri, bir sıra xəbər saytları, blogerlər bu mövzudan öz maraqları üçün istifadə edir, bununla da dövlətin siyasətini bəlli olmayan dairələr idarə edir. Mediada təbliğat aktivləri kimi bir qrup istinad üçün dezinformasiya yayır, digər bir qrup isə bu hekayəni təkrarlayaraq “reallığa” çevirir və beləliklə də psevdoreallıq formalaşdırılır. Məsələn, Xankəndidəki “aclıq”, “blokada” kimi “reallıq” şouları buna nümunədir.

Y.Hacıyeva diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin xüsusi vurğuladığı məqam isə “deep-fake” texnologiyalarının təhlükəli inkişafı tendensiyaları və risklərlə bağlı narahatlığı idi. Məsələ ondadır ki, bəşəriyyət süni intellektin insan şüuru ilə təmas mərhələsindədir, bu təmasın miqyası və sərhədi insana bəlli deyil. Süni intellekt insan emosiyalarının öyrənilməsi və təkrar etməsi kimi bir sıra xüsusiyyətlərə yiyələnib. Süni intellektdən istifadə etməklə vizual olaraq etibarlı görünən, yoxlanılması mümkün olmayan məlumatlarla, siyasi-ictimai, iqtisadi və təhlükəsizlik sahəsində təhdid və risklər formalaşdırılmaqdadır. Məşhur şəxslərin təsvirlərini emosional təsir vasitələri, qorxu və ya ümid təşviq edilməklə geniş kütlələrin düşüncə və davranışlarına təsir məqsədilə istehsal olunan “deep-fake” texnologiyaları bu gün qlobal təhlükəsizliyə hədədir. Digər tərəfdən “deep-fake” texnologiyaları ilə cəlbedici və şübhəli fenomen obrazlarının tirajlanması ilə faktiki olaraq psevdoqəhrəmanlar istehsal edən fabrik formalaşdırmaq tendensiyası izlənməkdədir. Əlbəttə, bunun qarşısının alınması yolları var və belə məlumatların saxtalığının proqnozlaşdırılmasını mümkün edən “maşın öyrənmə” texnologiyalarının tətbiqi son illər geniş yayılmaqdadır. Bunun üçün qabaqcıl informasiya texnologiyalarının imkanlarından istifadə vacibdir. Bu isə heç də hamının əldə edə biləcəyi imkan deyil.

Bu haqda xüsusi olaraq bir məqamı - son illər bir sıra regionlar üçün həssas olan cəmiyyətlərin dini inancının istismarı faktı üstündə dayanmaq istəyirəm. “Deep-fake” texnologiyaları ilə ənənəvi dini münasibətlərin transformasiyası, ənənəvi dinlərin rolu və sosial-mədəni əhəmiyyətinin azalmasına yönəlik sistemli əməliyyatlar aparılmaqdadır. Bu şərtlərdə qlobal səviyyədə dinlərin mistika, okkultizm, ezoterika elementli qeyri-ənənəvi təzahürlərinə maraq artır, yeni dini ünsiyyət formalarının yaradılması ilə yeni cərəyanlar formalaşdırılır və s. Bütün bunlar isə yekun olaraq dini fundamentalizm, dini ekstremizm və terrorizm üçün zəmin rolunu oynayır. Azərbaycan Prezidenti “deep-fake” texnologiyalarının riskləri və onun qlobal təsiri ilə bağlı narahatlığını məhz belə məqamlar üzərindən ifadə etdi.

“Cənubi Qafqazda sülh və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı mövzuya toxunan dövlətimizin başçısı regionda sülhün alternativinin olmadığını bildirdi. Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı fikirlərinin bir vacib əsaslandırılması var. İşğal illərində Qarabağa ATƏT-in iki faktaraşdırıcı missiyası həyata keçirilib. Birinci ilə ikinci missiya arasındakı müddətdə Qarabağ və ətraf rayonlar talanıb. ATƏT-in Minsk qrupunun nizamlayıcı təsisat kimi bu talanlarda məsuliyyəti var. Məsələ ondadır ki, BMT-nin faktaraşdırıcı missiyalarının fəaliyyətinin tənzimlənməsi və hüquqi bazasını təşkil edən xüsusi deklarasiyası, həmçinin BMT Təhlükəsizlik Şurasının da müvafiq qətnaməsi mövcuddur. Azərbaycan torpaqları ATƏT-in Minsk qrupunun gözü önündə talanıb, şəhərləri viran edildiyi halda bu təsisat öz məsuliyyətini və öhdəliyini gözardı edib. Minsk qrupu bu haqda öhdəlik və məsuliyyətini bir dəfə də olsa yerinə yetirməyib, bu haqda söz açmayıb. Münaqişənin nizamlayıcısı kimi ATƏT-in Minsk qrupunun bu səssizliyi və məsuliyyətsizliyi Ermənistanı rayonlarımızı daha çox talamağa cəsarətləndirib. Bir sözlə, talanlara görə ATƏT-in Minsk qrupu da mənəvi və digər məsuliyyət daşıyır”, - deyə Y.Hacıyeva vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top