"O uşaqların vəziyyətindən istifadə edib qazanc güdənlər var" — Sosioloq

GÜNDƏM 12 iyul 2024, 19:15
Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlar nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələri, eləcə də uşaq evi və internat müəssisələri və Uşaq Psixonevroloji Mərkəzindəki uşaqlardır.

Həmin uşaqlar barədə məlumatlar Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə daxil edilib.

Övladlığa verilə bilən uşaqlar üçün fərdi inkişaf planı hazırlanıb. Fərdi inkişaf planlarının tərtibatı zamanı uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınıb.

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında qeyd edib ki, fiziki imkanları məhdud uşaqların övladlığa verilməsi məsələsinə çox həssas yanaşılır: 

“Çünki burada sui-istifadə hallarının olma ehtimalı da var və bu nəzərə alınır. Həmin uşaqların təhlükəsizliyinin tam təmin olunması, nəzarət mexanizminin necə həyata keçiriləcəyi dərindən müzakirə edilir və daha sonra qərar verilir. Fiziki imkanları məhdud uşaqlar üçün dövlətin ayırdığı xüsusi bir məbləğ var ki, onlar hər ay bu ödənişi alırlar. Ailə fiziki imkanları məhdud bir uşağı bu ödənişə görə övladlığa götürmək istəyə bilər. Həmin uşaqların vəziyyətindən istifadə edib qazanc güdənlər var təəssüf ki. Övladlığa götürən ailənin uşaqla necə davranması, uşağın təhlükəsizliyi üçün hansı tədbirlərin görülməsi kimi məsələlər ayrı-ayrılıqda diqqət tələb edən məsələlərdir. Bu uşaqları himayəsinə götürmək istəyən ailələr ya olduqca böyük ürəyə sahibdirlər, ya da tam əksinə, fərqli məqsədlər güdürlər.  Dövlət buna görə bu məsələyə olduqca həssas yanaşır”.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 avqust 2024, 10:53
Top