“Trendyol” qiymətləri niyə qaldırıb? — Azərbaycanda özünə rəqib görmədiyi üçün…

SOSİAL 10 iyul 2024, 12:54
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"un Azərbaycana məhsulların çatdırılma xidmətinin qiymətlərində artım olduğu iddia edilir.
 
Onlayn alış-veriş edən istehlakçılar çatdırılma xidmətinin qiymətinin geyimlərdən daha çox olduğunu bildirirlər.
 
Onu da əlavə edək ki, bir neçə ay öncə "Trendyol" Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.
 
Şirkət qiymətləri 2.5 dəfə artırmışdı. 

Bəs, qiymətlərin durmadan bahalaşması nə ilə əlaqəlidir?
 
Məsələ ilə bağlı Azxeber.com-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb:


 
"Türkiyədə alış-veriş qiymətləri həddindən artıq çox bahalaşıb. Düşünürəm ki, Türkiyənin turizm şirkətləri, onların biznesləri sürətlə çökəcək. Mən 3 gün öncə Türkiyədən gəlmişəm. 2 il öncə olduğum bir otelə yenidən getdim. Burada insanların sayı 50 faiz azalıb. Xidmət səviyyəsi aşağı düşüb. Ümumilikdə isə qiymətlər xeyli artıb. Bütün bunların hamısı Türkiyədə turizm işinə, eləcə də digər sahələrə mənfi təsir göstərəcək. Əlbəttə ki, ənənəvi ticarətlə, onlayn ticarət ciddi rəqabətdədir. Azərbaycanda məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol"a qarşı böyük qüvvələr var. Ənənəvi ticarətlə məşğul olanlar şübhəsiz ki, onların onlayn ticarətlə məşğul olanlara təsiri də var. Azərbaycan hökuməti də yəqin ki, ənənəvi ticarəti müdafiə etmək üçün ola bilsin ki, hansısa işlər görüb. Ona görə də qiymətlər qalxıb. Əlbəttə ki, insanlar, istehlakçılar bu yöndə ənənəvi ticarətə üstünlük verəcəklər".
 
Onlayn alış-verişdə qiymətlərin qəfildən artmasına reaksiya verən iqtisadçı ekspert Natiq Cəfərli Azxeber.com-a açıqlamasında çatdırılma xərclərinin artmasının yanacaq qiymətinin artmasıyla əlaqəli olduğunu vurğulayıb:

 

""Trendyol"da çatdırılma xərclərinin artırılması dizel yanacağının qiymətinin artmasıyla əlaqəli ola bilər. Bu da anbarlara yüklərin daşınması, çatdırılmasının maya dəyərini də yüksəldir. Çox güman ki, çatdırılma xərclərinin qəfildən artması bununla bağlı bir məsələdir. Həm də Türkiyə ərazisində çatdırılma qiymətləri dəyişdirilməyib".
 
Mövzuyla bağlı Azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb ki, "Trendyol" şirkətindəki qiymət artımının bir çox obyektiv və subyektiv səbəbləri var:

 

"Trendyol"da ilk dəfə deyil ki, artım müşahidə olunur. Əvvəllər də müəyyən qədər artıb. May ayında da bununla bağlı artım olduğu təsdiqlənmişdi. Bu artımın da bir çox obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərindən biri birmənalı olaraq əgər bütün istiqamətlərdə qiymətlər artırsa, inflyasiya öz sözünü deyirsə, istehsalda, xidmətdə, digər istiqamətlər, çatdırılma və logistika üzrə də qiymətlər artmalıdır. Burada daha bir məsələ var ki, "Trendyol" bu gün Azərbaycanda özü ilə mübarizə aparacaq rəqibi olmadığından subyektiv olaraq qiymət dəyişikliyi edə bilir. Bunu da təbii qarşılamaq lazımdır. Əgər hansısa bir təsərrüfat subyekti bazarda böyük ölçüdə rəqibsizdirsə, həmin subyekt o yerə qədər qiyməti qaldıracaq ki, artıq gəlirləri azalmağa başlayacaq. Görsə ki, digər bir rəqib qiyməti qaldırdı, tələb varsa, sifarişlər durmadan artırsa, o yenidən qiymətləri artıracaq. Amma görsə ki, sifariş həcmləri, ölçüləri kəskin şəkildə azalıb və bu da gəlirin azalmasına gətirib çıxarır, o zaman qiymət artımı dayanacaq. Əksinə azalmağa başlayacaqdır. Bir sözlə, bu prosesi bazar özü tənzimləyir".

 
Mikayıl Mirzəzadə 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviq edilməsi" mövzusunda dərc edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top