"Bu sürücülərin icazələri..." — Taksilərlə bağlı AYNA-dan növbəti XƏBƏRDARLIQ

GÜNDƏM 10 iyul 2024, 11:40
İyulun 1-dən taksilərin fəaliyyətində bir sıra dəyişikliklər icra edilib.

Bunlardan biri də kartla ödəniş üçün post-terminalların olması idi. Digər bir dəyişiklik isə taksilərin buraxılış ili ilə bağlı idi. Ancaq vətəndaşlardan heç bir taksidə post-terminalla ödənişin mövcu olmaması barədə bəzi şikayətlər alırıq.

Eyni zamanda, taksi proqramında göstərilən taksi ilə gələn taksinin tamamilə fərqli olduğu da bildirilir.

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov açıqlama verib.



“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanuvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.”

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov da Demokrat.az-a öz fikirlərini bildirib: “Taksi fəaliyyətində yenilənmələrin anonsu keçən ildən verilməyə başlanılıb. Proses çox sürətli şəkildə aparıldı. Taksilərin icazələri, lisenziyaları, kurslara cəlb edilməsi onların bu və ya digər formatda maarifləndirilməsi üçün müsbət addımlar atıldı. Və insanların bu sahədə fəaliyyət göstərməyi üçün dövlət dəstəyi var. Ancaq bu məsələnin konseptual həlli deyil.

Bu gün taksi fəaliyyəti ilə məşğul olan sahibkarlar və fiziki şəxslər öz işlərini qurmaq üçün müəyyən dərəcədə işlərini daha innovativ, müasir tələblərə cavab verən şəkildə qurmalıdırlar. Bunun üçün potensial lazımdır. Eyni zamanda maliyyə kapitalı.

İstər post-termianalların qurulması, istər nağdsız alış-verişlər, bank hesablarının açılması sərf etməyən amillərdir. Ona görə də bu sahədə müəyyən kapitalların artırılması vacib elementlərdəndir.”

Şahanə XANKİŞİYEVA
Demokrat.az


 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top