"Elektron pul mərkəzi bankların nəzarətindən kənar pul buraxılması deyil, sadəcə..." — AÇIQLAMA

GÜNDƏM 09 iyul 2024, 19:34
 Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Deputat ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsinin hazırda davam etdiyini açıqlayıb: “Bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib”. 

V.Bayramov tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılmasının mümkün olacağını bildirib: “Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər”. 

İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında söyləyib ki, ötən il Azərbaycanda elektron pul təşkilatları ödəniş sistemləri haqqında qanun qüvvəyə minib:

“Onların lisenziyalaşdırma şərtləri müəyyənləşdirilib və fəaliyyətlərini mövcud qanunvericlik əsasında həyata keçirməlidir. Əvvəllər də texnologiyanın inkişafı ilə əlaqədar müxtəlif texnoloji şirkətlər ödənişlər həyata keçirir, əməliyyatlar icra edirdi. Lakin bunun qanunvericilik bazasında boşluqlar var idi. İndi hökumət bunu tənzimləyib. Elektron pul təşkilatları pul vəsaitlərini nağd formada mədaxil və məxaric edə bilir, kredit əməliyyatları, pul köçürmələri, vasitəçilik xidməti, hesab üzrə çıxarış təqdim edilməsi kimi işlər həyata keçirir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pulla əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir.

Bu proseslər var, sadəcə qanunla tənzimlənəcək bundan sonra. Elektron pul mərkəzi bankların nəzarətindən kənar pul buraxılması deyil, sadəcə rəqəmsallaşma, müasir texnologiyanın tətbiqini ehtiva edir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top