"Günün altında işləyənlərin iş saatları dəyişdirilsin" — TƏKLİF

GÜNDƏM 05 iyl 2024, 19:56
Yay fəslində bəzi ölkələrdə iş saatları qısaldılır. Xüsusən də qızmar istilərin davam etdiyi şəhərlərdə günorta saatlarında açıq havada işlər dayandırılır, işçilərə fasilə verilir. Azərbaycanda da yay fəsli son illərdə çox isti keçir. Sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, çöldə, açıq havada günün altında işləyən şəxslərə yayda güzəşt edilməlidir:



"Sovet vaxtı bizdə də belə qayda var idi. Havanın temperaturu 40 dərəcəni keçəndə iş dayandırılırdı, isti və ya soyuq şəraitdə işləyənlərin iş saatları qısaldılırdı. Amma indi görürük ki, 40-42 dərəcə temperaturda fəhlələr iş görür, binada tikinti işləri davam edir və ya yol çəkilir, qazıntı aparılır. Heç bir güzəşt də edilmir. Qanunda göstərilir ki, temperatur 40 dərəcəni keçərsə, iş dayandırılmalıdır, lakin özəl sektor buna riayət etmir. Bəzi hallarda dövlət idarələrində də fəhlələr yüksək temperaturda işlədilir. Bu, əmək hüquqlarının pozulmasıdır, lakin hər hansı bir cəzalandırma yoxdur. Yaxşı olar ki, bu şərtlər nəzərə alınsın, çünki son illərdə yay fəsli daha da isti keçir. Xüsusən də Bakıda və Aran rayonlarında bu, bir çox problemlərə gətirib çıxarır. İnsanlar günvurmadan xəsarət alır, bəzən hətta həyatlarını itirirlər. Düşünürəm ki, bu məsələyə yenidən baxılmalıdır, heç olmasa mövcud qaydanın tətbiqinə nəzarət olunsun. Çöldə günün altında işləməyə məcbur olan insanların iş vaxtları heç olmasa dəyişdirilməlidir. İnanmıram ki, istilərə görə işlər dayandırılsın, amma heç olmasa səhər və axşam saatlarına salına bilər. Günorta saatlarında işləmək insan həyat və sağlamlığı üçün çox təhlükəlidir. Özəl sektora xüsusən nəzarət edilməlidir. Nazirlər Kabineti bununla bağlı xüsusi normalar qəbul etməlidir. Dövlət Əmək Müfəttişliyi xidməti də buna nəzarəti həyata keçirməlidir".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top