“Türkiyə-Rusiya arasında ticarətin zəifləməsi iqtisadi yox, siyasi məsələdir”— İqtisadçı ekspert

GÜNDƏM 05 iyl 2024, 15:10
Rusiya prezidenti Vladimir Putin Astanaya işgüzar səfərinin sonunda KİV nümayəndələrinin suallarını cavablandırıb. Putin Türkiyə ilə ticarət həcmlərinin 63 milyard dollardan 55 milyard dollara düşdüyünü bildirib. Putin qeyd edib ki, bu, təbii olaraq, yoxlanılmalıdır. Rusiya lideri son aylarda qiymətlərin ən azı 2022-ci illə müqayisədə aşağı düşdüyünü və buna görə də dəyər baxımından azalma olduğunu vurğulayıb. Putin qeyd edib ki, Türkiyədə yaxşı taxıl məhsulu var, onların anbarları taxılla doludur, o səbəbdən onlardan daha az taxıl almağa başlayıblar. 
 
Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin azalması nə ilə bağlıdır? 

Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Rusiya ilə Türkiyə arasındakı ticarət əlaqələrinin zəifləməsində heç bir iqtisadi əsas yoxdur. 

Akif Nəsirli qeyd edib ki, burada iqtisadiyyatdan çox siyasət var:
 
“Türkiyə ilə Rusiya arasında son 20 ildə çox ciddi yaxınlaşma olub. Amma statistikaya diqqət etsək, 2022-ci ildən, Rusiya-Ukrayna müharibəsi başlayanda sonra bu tendensiya zəif də olsa azalmağa başlayıb. Beləki, Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq göstəriciləri aşağı düşüb. Əslində isə 2022-ci ilə qədər bu yüksələn xətlə inkişaf edirdi. Türkiyə ilə Rusiya arasında, həmçinin, Putin ilə Ərdoğan arasında münasibətlər nə qədər yaxşı olsa da, bir çox hallarda Türkiyə də bu sanksiyalardan dolayı Rusiyaya bəzi mal idxalı və ixracı məsələlərində ehtiyatla yanaşır. Artıq dünya ictimaiyyəti Avropa İttifaqının, Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayını itirib. Bu sanksiyalar çox geniş spektri əhatə edir.  

Məsələn, Rusiya buğdası Avropa buğdasından xeyli ucuzdur. Amma buna baxmayaraq. Türkiyə Ukrayna və Avropa buğdasına üstünlük verir, Rusiyadan almır. Ona görə də almır ki, Avropa, Amerika və digər tərəfdaşları bununla Türkiyəni şantaj edə bilər. Bunun qarşısını alan yeganə məsələ dünyanın Rusiyaya münasibətidir. Burda iqtisadiyyatdan çox siyasət var. O sanksiyalardan dolayı ticarət dövriyyəsinin müxtəlif sahələri üzrə qadağalar var. Türkiyə də o məhdudiyyətləri aşmaq istəmir. Türkiyə Avropa ölkəsidir. Üstəgəl, dünyanın ən böyük hərbi bloku olan, NATO-nun ən böyük bazası Türkiyədədi. Yəni Türkiyə Rusiya ilə münasibətləri, ticarət dövriyyəsini, iqtisadi məsələləri geniçləndirməkdə nə qədər maraqları olsa da, Türkiyənin daha üstün marağı Avropa və Amerika ilə münasibətləri normal şəkildə saxlamaqdır. Əslində ticarət əlaqələrinin güclənməsi, dövriyyənin artması həm Rusiyaya, həm də Türkiyəyə sərf edir.

Türkiyə məişət avadanlıqlarının Rusiyaya ixrac etməsində böyük marağı var. Məsələn, elə şirkətlər var ki, təkbaşına 2-3 milyarda dollarlıq mal ixrac eləmək istəyir. Amma məsələ burasındadır ki, siyasi hakimiyyət bunu cilovlayır. Çünki o məişət avadanlıığının detallarınnda Rusiyaya ixracı qadağan olan məhsullar var. Məsələn, Rusiyaya birdən-birə 1 milyon paltar yuyan maşın ixrac etmək, yüzlərlə tankın çipə olan ehtiyacını ödəmək deməkdir. Bu kimi halar Türkiyənin Rusiya ilə ticarət əlaqəsinin genişlənəsinə mane olur”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top