“Bunu təşviq edən qüvvələr olsa da İmam Hüseyn məktəbinə indi daha intellektual baxış var” — İlahiyyatçı

GÜNDƏM 08 iyul 2024, 11:57
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə bildirilir ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir: “Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”, - deyə müraciətdə vurğulanır. 

İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında məhərrəmlik mərasimlərinin mahiyyətindən danışıb:

“İmam Hüseyn əleyhissəlamın Kərbəla çölündə vəhşicəsinə qətlə yetirilməsindən sonra müsəlmanların hərəsi bir cür dərdlənmiş, kədərlənmişdi. 2-3 əsr sonra İmam Hüseynin öldürüldüyü gün xüsusi mərasimlərlə xatırlanmağa başlandı. Aşura günü də belə yarandı. Sonralar məhərrəm və səfər ayları ümmiyyətlə matəm ayına çevrildi. Hadisənin üzərindən keçən əsrlər boyunca məhərrəm ayına, aşuraya fərqli elementlər daxil edildi. İmam Hüseyn məktəbinə lazımsız bir çox bidətlər gətirildi. Bunlara Sovet dövründə qadağa qoyuldu. Bu mərasimlər bölgələrə görə fərqlənir. Bəzi bölgələrdə bilgisizlikdən dolayı insanlar müxtəlif addımlar atırdılar. Xalqımızın inancında bu aya münasibət fərqlidir. İçki içən, bir-biri ilə ədavəti olan, pis vərdişlərə sahib olan insanlar belə bu ayda dəyişilir, pis vərdişlərdən imtina edir, bir-birilərinə hörmət edirlər. Zəncir vurmaqla bədənə xəsarət yetirmək əvvəlki illərdə daha geniş yayılmışdı. Son vaxtlar görürük ki, Azərbaycanda bu hallar azalıb. Bunu təşviq edən qüvvələr olsa da İmam Hüseyn məktəbinə indi daha intellektual baxış var. Məhərrəm ayı artıq insanların təfəkküründə yenilənmə ayı kimi qəbul edilir, özünə müsəlman deyən kəslər xoşa gəlməyən əməllərdən uzaqlaşıb İmam kimi yaşamağa çalışırlar. İnsanlar məscidlərdə toplanır, xütbə oxunur, ibrətamiz söhbətlər edilir, tarixi hadisə barədə məlumat verilir. İnsanlar kütləvi halda qan verməyə gedirlər. İnsanlar maarifləndikcə bu mərasimlərin məğzi də dəyişir, məqsəd daha aydın olur və İslamı daha düzgün, daha savadlı şəkildə qavramağa xidmət edir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top