Yuxudan oyananda o gedirdi, gələndə də mən yatırdım — Fədakar Azərbaycan POLİSİNƏ

GÜNDƏM 02 iyl 2024, 10:00
Bir həmkarımın mərhum polis kapitanı Eldəniz Məmmədov haqqında xatirəsindən:

"Eldənizlə qonşu idik. Zəhmli görünürdü, ancaq yumşaq adam idi. Demək, həyətdə 5 maşınlıq dayanacağımız var idi. Cəmi 5 qonşu maşını saxlayırdı. Mən yeni idim, çox sıx olurdu həyət. Bir dəfə maşınımı onun maşının qabağında saxladım. Gecə maşını kənara çəkməyi unutmuşdum. Üstündən 2-3 gün keçəndən sonra liftdə qarşılaşdıq. Çox utanırdım. Adamın səhər tezdən qapını döyməyə üzü gəlməyib, taksi ilə işə gedib. Liftdə qarşılaşanda əlini çiynimə qoyub "ay səni tutdum" deyib, ağır-ağır güldü".

Bu cümlələr məni haralara, hansı vaxtlara aparmadı ki...

Neçənci sinifdə oxuduğumu xatırlamıram, amma bir gün sinif yoldaşım Zaur qəfil belə bir sual vermişdi: “Sənin atan heç gülür?”

Sualın qəribəliyinə özüm də gülmüşdüm:

-Necə yəni "gülür?" Əlbəttə, gülür. Bu nə sual idi?
-Polisdir, həm də çox zəhmlidir. Adam salam verməyə belə qorxur.
-Yox, rahatlıqla salamlaşa bilərsən.
 
Xatırlayıram ki, bir müddət sonra bu söhbəti evdə danışmışdım, atam da bığaltı gülümsəmişdi. 

Hətta bəzən olurdu ki, sinif yoldaşlarım “sən polis qızısan, sənə söz deyə bilmərik”, "sən polis qızısan, heç nədən qorxmarsan” deyirdilər. Nə yalan deyim, o sözlərdən elə qürrələnirdim ki... Hələ atamın polis formasını, papağını demirəm.  Sanki o formada atam daha güclü görünürdü. Elə hey istəyirdim ki, məni məktəbə atam aparsın. Hamı bilsin ki, o mənim atamdır. Amma hər uşağın istəyi həyata keçsəydi nə var idi ki...

Onu az hallarda evdə görürdüm. Elə vaxtlar olurdu ki, gəlməyi ilə evdən tələm-tələsik çıxmağı bir olurdu. Bəzən əsəbi, təlaşlı, bəzən də bizə heç nə demədən səssiz-səmirsiz...

Heç xatırlamıram ki, biz ailəvi olaraq tez-tez harasa gedək. Gedəndə də çox sevinirdim. Sanki dünya əlimdə oyuncaq idi. Atam daha çox bizimlə vaxt keçirəcəkdi, çoxlu söhbətləşəcəkdik, amma o da olmurdu. İşi ilə bağlı olaraq, yenə də evə tez qayıdırdıq.

Mən yuxudan oyananda o gedirdi, gələndə də mən yatırdım. Günlərim belə keçirdi, bütün qayğılarımızla da anamız məşğul olurdu. Amma mən həmişə onunla, onun peşəsi ilə öyündüm. Elə indi də dəyişən heç nə yoxdur.

Uşaqlıqdan ta bu günə kimi hər il "iyul ayı atamın ayıdır" deyib, böyük sevgi ilə onu təbrikə tələsirəm. Birinci mən təbrik etməliyəm axı... İllərdir bu adət mənimlədir. 

Bayramın mübarək, əziz, məğrur atam. Bayramın mübarək, yenilməz polisim. Hər biriniz güc və güvən simvolusunuz.

Gecə-gündüz yorulmadan, usanmadan bizi qorumaq üçün çalışırsınız. Elə bu səbəbdən də çətinliyə, dara düşəndə ağlımıza gələn ilk nömrə "102" olur.  

Siz nəinki bu günün, hər günümüzün, hər anımızın qəhrəmanısınız. Biz dəfələrlə buna şahidlik etmişik. Necə ki, bir müddət əvvəl Eldənizin, Mahirin, Mirəlinin timsalında bunu gördük.

Vəzifə borcunuzu, həyatımızı həyatınızdan üstün tutduğunuz üçün sizə təşəkkür edirəm, hər zaman ayıq-sayıq, dayağımız olan Azərbaycan polisi!

Nihadə Eyyubova
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top