Gözəllik salonunda işləyən arvadını pula görə döydü

KRİMİNAL 28 iyn 2024, 15:36
Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Ruslan  yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 23-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşəlan yaşayış massivində baş verib. 

Ruslan nömrəsiz fərdi yaşayış evində olarkən aralarında  yaranmış mübahisə zamanı Samirənin boğazından tutaraq əli ilə sifət və baş nahiyəsinə zərbə vurub. 

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1999-cu ildə Samirə ilə nikaha daxil olub, birgə nikahdan üç övladları var:

“Samirə bir neçə ildir ki, yaşadığımız evin həyətində gözəllik salonu işlədir. Aprelin 23-də, saat 17 radələrində yaşadığımız evdə olarkən Samirədən gözəllik salonundan əldə etdiyimiz gəliri hara xərclədiyini soruşdum. Samirə əldə etdiyi gəliri evin ehtiyaclarına sərf etdiyini bildirdi. Bununla bağlı aramızda mübahisə yarandı. Mübahisə zamanı Samirənin boğazından tutaraq əlim ilə onun üz nahiyəsinə bir neçə zərbə endirdim. Samirə qışqıraraq məni özündən uzaqlaşdırdı”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ruslanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top