"COP29-a sədrlik Azərbaycanın qitələrarası rolunu artırır"

COP29 27 iyn 2024, 14:04
Ekologiya və təbii sərvətlər naziri COP29-un prezidenti Muxtar Babayev “Forbes”ə müsahibəsində deyib ki, Azərbaycanın COP29-a sədrliyi inkişaf etmiş ölkələr tərəfindən dəstəklənən yeni iqlim maliyyəsi hədəfi vasitəsilə qlobal Şimal və Cənub arasında etimadın və birliyin bərpası üçün çox vacibdir. Azərbaycanın Şərq, Qərb və Cənubun kəsişməsində yerləşdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, Azərbaycan inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü olmaq istəyir: “Təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün iqlim dəyişikliyi ilə mübarizədə həll yollarını tapmaq üçün çox kritik vaxtdır. Nümayiş etdirməliyik ki, ölkələr bir-birinə dəstək olmaq üçün birlikdə işləməyə hazırdır. Biz dünyanın bu iqlim gündəmini həll etmək üçün bir araya gəlməyə necə hazır olduğunu göstərmək istəyirik. Maliyyə problemlərinin həlli yollarını tapmaq və su problemləri, torpaqların deqradasiyası, “yaşıl kənd təsərrüfatı”, “yaşıl bacarıq”lar, ərzaq təhlükəsizliyi, “yaşıl şəhər” layihələri və daha çox kimi mühüm mövzuları müzakirə etmək çox vacibdir. Azərbaycan bu platformanın yaradılmasına sadiqdir ki, bütün ölkələr dünyanın necə çox konstruktiv dialoq təşkil edə biləcəyini görsünlər. Bütün maraqlı tərəfləri iştiraka dəvət edirik”, - deyə M.Babayev əlavə edib. 

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan inkişaf etməkdə olan ölkə statusundadır. O deyib ki, Azərbaycanın inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında körpü rolunu oynaması bu statusdan da bir qədər yuxarı səviyyəyə qalxmış durumda olduğunu deməyə əsas verir:

“Bu gün Azərbaycanın sərgilədiyi iqtisadi və siyasi davranışlar, həmçinin icra etdiyi uğurlu strategiyalar cənab nazirin haqlı olduğunu sübut edir. Bu gün həyata keçirilən alternativ enerji strategiyası Asiya ilə Avropa arasında Azərbaycanın rolunu daha da artırır. Ələxsus da inkişaf etməkdə olan Asiya ölkələrinin enerji resurslarının Avropaya nəqlində Azərbaycanın böyük rolu var. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizinin mərkəzində yerləşməklə dekart koordinat sisteminin başlanğıc nöqtəsi kimi çıxış edir.

İnvestisiyanın cəlb olunması və istehsal ediləcək alternativ enerjinin Avropaya ötürülməsi bir daha təsdiq edir ki, Azərbaycan qlobal geosiyasətin vacib elementinə çevrilib. Azərbaycanın dəhlizləri var ki, bunun sayəsində də öz rolunu məharətlə ifa edir".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top