“Azərbaycanın milli parklarının tanıtımı”nda ekoturizm həvəskarlarını nə gözləyir?

SOSİAL 21 iyn 2024, 12:37
22 iyun 2024-cü il tarixində saat 15:00-da Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək. "Biomüxtəliflik-təbiətin harmoniyası" devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə edəcəklər. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz facebook səhifəsində paylaşım edib.

Tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdiriləcək, milli parklarda fəaliyyət göstərən ekoturizim marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alacaq, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat veriləcək.

Eyni zamanda, tədbirdə interaktiv zona yaradılacaq, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina, “Ekosfera" sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq.

Tədbir Dənizkənarı Milli Parkda, Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında təşkil olunacaq. 

Milli parklarımızla, onların rəngarəng təbiəti ilə yaxından tanış olmaq, maraqlı və əyləncəli vaxt keçirmək üçün fürsəti qaçırmayın!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top