"Gənclik Mall"dan oğurladığı 2866 manatlıq gödəkçələri 350 manata satdı — Həbs edildi

HADİSƏ 20 iyn 2024, 17:54
Nərimanov rayonunda yerləşən "Gənclik Mall" Ticarət Mərkəzindəki mağazalardan birindən 4 ədəd gödəkçə oğurlayan şəxsə hökm oxunub.
 
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1997-ci ildə Bakı şəhərində anadan olmuş İsmayıl Cəfərov (soyad şərti) bir neçə gün ərzində sözügedən mağazadan ümumilikdə 2 866 manat olan 4 ədəd qış gödəkçəsini oğurlayıb.
 
"Gənclik Mall" Ticarət Mərkəzinə gedən İsmayıl orada mağazaları gəzərkən mağazalardan birinə daxil olub. Mağazada mühafizənin zəif təşkil olunduğunu görüb və bu səbəbdən 739 manat dəyərində olan qış gödəkçəni götürərək, mağazadan çıxıb. Həmin gödəkçəni əvvəldən tanıdığı Samir adlı tanışına 70 manata satıb.
 
Bundan təxminən bir neçə gün sonra yenidən həmin mağazaya gedərək, eyni qaydada eyni gödəkçədən birini də götürüb və yenidən Samirə 80 manata satıb.
 
Bir neçə gün sonra yenidən həmin mağazaya gedib və 539 manat dəyərindəki dəri gödəkçəni götürüb. Həmin gödəkçəni əvvəldən tanıdığı başqa bir tanışına 100 manata satıb. Üzərindən iki gün keçdikdən sonra İsmayıl yenidən mağazaya daxil olaraq üzərində 839 manat yazılan dəri gödəkçəni götürərək 100 manata satıb. Əldə etdiyi pullarla borclarını qaytarıb. Həmin gödəkçələri tanışlarına satarkən onlayn satış saytından aldığını bildirib.
 
Məhkəmənin qərarı ilə İsmayıl Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top