"Bazarlarda kassa çeki verilməlidir" — Alıcıların hüquqları pozulur

GÜNDƏM 20 iyun 2024, 15:36
 Bazarlar əksəriyyətin bazarlıq üçün üz tutduğu məkandır. Qiymətlər iri marketlərlə müqayisədə ucuz olsa da çox adam çəkidə aldadıldığından şikayət edir. Alıcılar məhsul alanda istədiklərini seçə bilmirlər, satıcılar buna imkan vermir. Bazarlarda çəkiyə hansısa formada nəzarət olmalıdırmı? İstehlakçı satıcıdan şikayət edə bilərmi? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bazarlarda istehlakçı hüquqlarının tez-tez pozulduğunu deyib:

"Xüsusən çəkidə aldatmalar geniş yayılıb, keyfiyyətlə bağlı da bunu demək olar. "Yaşıl bazar" kimi gözəl bazarda alıcılar qiymətlərin yüksək olmasından şikayət edir həmişə. Təəssüflər olsun ki, tərəzilərin ildə bir dəfə etalonla tutuşdurulması könüllüdür. Heç bir qanunvericilik bunun məcburi olmasını tənzimləmir. Bazar rəhbərliyi də gərək bu işdə maraqlı olsun. Bazarlarda kassa çeki də verilmir, bu da anormal bir vəziyyətdir. Düşünürəm ki, kassa çeki tətbiq olunmalıdır bazarlarda, ona görə ki, istehlakçılar arasında zəhərlənmə halları olarsa, hüquqi addımlar atmaq mümkün olsun".

Ekspert düşünür ki, müvafiq qurumlar bazarlarla bağlı xüsusi qanun qəbul etməlidir:



"Bununla da istehlakçı hüquqlarının pozulması minimuma endirilməlidir. Bazarlarda çox yaxşı olar ki, istehlakçı hüquqlarını qoruyan təşkilatın nömrəsi asılsın. Xarici ölkələrdə bu, belədir, təəssüf ki, Azərbaycanda belə bir sistem yoxdur. Çünki istehlakçı siyasəti bərbad səviyyədədir. İstehlakçıların hüquqlarını qorumalı olan qurum biznes sahiblərinin maraqlarına xidmət edir".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top