Heydər Əliyev dühası dağılmış Azərbaycanı zirvəyə qaldırdı

SİYASİ 15 iyun 2024, 15:41
Azərbaycanın qurtuluşundan 31 il keçir. 31 il öncə məhz bu gün – 15 iyunda xalq ümumilli lider Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı, çünki ölkə dağılmaq təhlükəsi ilə üzləşmiş, yenicə bərpa olunmuş müstəqillik əldən gedirdi.

Cəbhədə döyüş gedir, Bakıda isə hakimiyyət davası aparılırdı. AXC-Müsavat cütlüyü Azərbaycanı faktiki parçalanmaq mərhələsinə çatdırmışdı. Ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi və 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar 15 iyun tarixinin Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaradır.

Ulu Öndər hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. 

Atəşkəs sazişinin imzalanmasından sonra Heydər Əliyevin əsas məqsədi Azərbaycanı düşdüyü vəziyyətdən xilas etmək, beynəlxalq vəziyyəti ölkəmizin xeyrinə dəyişmək idi. Buna nail oldu da. Yaranmış sabitlik “Əsrin müqaviləsi” imzalanmasına şərait yaratdı. Neft müqavilələri Azərbaycanın gələcək inkişafını təmin etdi, eyni zamanda, beynəlxalq siyasətdə balansı ölkəmizin xeyrinə dəyişdi.

Heydər Əliyev yanlış həyata keçirilən xarici siyasəti də düzəltdi, uğurlu gedişlərlə Azərbayanın beynəlxalq müstəvidə dəstəyini gücləndirdi. Həm region ölkələri, həm də dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər quruldu. Azərbaycan beynəlxalq təcriddən çıxarıldı. Heydər Əliyevin bu addımları beynəlxalq müstəvidə Azərbaycanı Ermənistandan önə çıxardı, işğalçı ölkənin imkanları zəiflədi. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın sonralar dilə gətirdiyi etiraf bunun ispatı hesab edilə bilər. Ter-Petrosyan etiraf edirdi ki, 1997-98-ci illərdə beynəlxalq müstəvidə balans Azərbaycanın xeyrinə dəyişməyə başladı.

“Azərbaycanda beynəlxalq neft konsorsiumu yarananda artıq vəziyyət dəyişməyə başladı. Bundan sonra Heydər Əliyevin sözü də dəyişdi. Lissabon sammitindən sonra masaya Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni, ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyannamə müzakirə olunan zaman, Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Biz Lissabona çatanda, Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, cənab prezident, ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni onlar bildirmişdi ki, Əliyev bizə xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə, bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”, - Petrosyan etiraf edir.

Bu, Heydər Əliyev dühasının nəticəsi idi. Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də, strategiyada məğlub vəziyyətə düşmüşdü. 

1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın gələcək inkişafının əsasları yaradıldı, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi. Ölkədə iqtisadi tənəzzülün qarşısı alındı, əhalinin rifahının yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlandı. 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm mərhələdir. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə xalqımız nadir tarixi fürsətdən istifadə edərək öz müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli lider Heydər Əliyevin apardığı siyasətin başlıca məqsədi torpaqlarımızda işğala son qoymaq idi və o, daim bildirirdi: “Biz Şuşada, bütün Qarabağda bayrağımızı dalğalandıracağıq”.

Hər şey ulu öndər Heydər Əliyevin qurduğu strategiyaya uyğun inkişaf etdi və I Qarabağ müharibəsinin məğlub ölkəsi olan Azərbaycan II Qarabağ müharibəsində ədaləti bərpa etdi. Bu, Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla, düşünülmüş şəkildə davam etdirilməsinin nəticəsidir.


Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
Top