“COP29 “yaşıl enerji”nin Avropaya çıxışını təmin edəcək”

COP29 14 iyun 2024, 14:00
“COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal səviyyədə keçiriləcək bir konfransdır. Bu tədbir təbii ki indiki pozulan iqlimin bərpa olunması üçün ekoloji vəziyyətin düzəldilməsindən tutmuş, istifadə olunan enerjilərin tədricən “yaşıl enerji” ilə əvəzlənməsi kontekstində müəyyən planları da ehtiva edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri qeyd edib. Onun sözlərinə görə, bu xüsusda Azərbaycan da “yaşıl enerji” ilə bağlı ciddi investisiyalar qoyur: 


“Təkcə Azərbaycan deyil, Azərbaycanın dəvət etdiyi xarici şirkətlər də investisiya edir. COP29 istisna deyil ki, “yaşıl enerji”nin Orta Dəhliz vasitəsiylə, yəni istər Gürcüstan-Türkiyə-Avropa və yaxud da Ermənistanla razılıq əldə olunarsa, Zəngəzur dəhlizi vasitəsiylə Avropaya çıxışını təmin edəcək. Bununla bağlı Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə - məsələn, Macarıstan, Rumıniya, Bolqarıstanla müqaviləsi də mövcuddur. Azərbaycan Qara dənizin dibi ilə Avropaya “yaşıl enerji” ixracı ilə bağlı ciddi işlər görür. Şübhə yoxdur ki, COP29 da “yaşıl enerji” ilə bağlı yaddaqalan hadisələrdən ibarət olacaq. Və bu hadisəyə Azərbaycan dövləti xüsusi olaraq hazırlaşır. Külək, günəş enerjisi, bütövlükdə bərpa olunan enerjinin istehsalı ilə bağlı çox ciddi işlər görülür. Bu, gələcəkdə həm ixrac potensialının artması üçün faydalıdır, həm də yenidən qurulan Qarabağda “yaşıl enerji”nin imkanlarından daha çox istifadə etməyə şərait yaradacaq”. 

N.Miri bildirdi ki, Azərbaycan bununla bir çox ölkələrə nümunədir: 

“COP29 ətraf mühiti çirkləndirən enerji vasitələrindən bərpa olunan enerjiyə tədricən keçidi təlqin edən hadisədir. Bütövlükdə qlobal səviyyədə iqlimin yaxşılaşdırılmasına, qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına xidmət edəcək bir hadisədir. Azərbaycan da bir ölkə və dövlət olaraq bunun ən yaxşı nümunələrini göstərməyə çalışır. Buna görə də COP29 deyərkən “yaşıl enerji” diqqətdən yayınmamalıdır. Çünki bunlar bir-birini şərtləndirən məsələlərdir. “Yaşıl enerji” və bərpa olunan enerji dünyanın gələcəyidir. Bu xüsusda dizel yanacağı və ya maye yanacaqla işləyən avtomobillərin istifadəsi, görürük ki öz yerini tədricən hibrid, ya da elektrik avtomobillərinə verir. Hesab edirəm ki, COP29 dünyanı narahat edən qlobal problemlərin müzakirəsi və həlli baxımından mühüm və yaddaqalan tədbir olacaq”.

Törə Zeynallı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top