Sumqayıtda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT

KRİMİNAL 13 iyun 2024, 13:26
Sumqayıt şəhərində 1966-cı il təvəllüdlü Əliağa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Raufa xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, “Dost” marketin yaxınlığında baş verib. 

Əliağa Rauf ilə aralarında baş vermiş mübahisə zamanı onun sifətinə və burun nahiyyəsinə qəsdlə yumruqla vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Əliağanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliağa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Rauf onun tanışıdır, hər ikisi də Sumqayıt şəhəri ilə H.Zeynalabdin qəsəbəsi ərazisi arasında taksi fəaliyyəti ilə məşğul olurlar: “Hadisə günü, saat 13:30-da idarə etdiyim “Mercedes Benz” C200 markalı avtomobillə hərəkətdə olan zaman Raufun da idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə hərəkətdə olub. Həmin vaxt Rauf qarşımda olan müştəriləri götürmək üçün öz avtomobi ilə ötmə əməliyyatı keçirdi və qarşısıma keçdi. Daha sonra mən də Raufu ötdüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 1-2 dəqiqə sonra Sumqayıt şəhər, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Dost" marketə yaxınlaşan zaman Rauf idarə etdiyi avtomobillə onu yenidən ötüb:

“Raufun avtomobilinin sağ yan güzgüsü avtomobilimin sol yan güzgüsünə dəydi. Bu zaman Rauf avtomobili saxlamadı. Qarşıda olan dalan küçəyə müştəri götürmək üçün daxil oldu. Raufun bu cür davranışını görüb əsəbləşdim. İdarə etdiyim nəqliyyat vasitəsini Raufun arxası ilə sürərək onun idarə etdiyi nəqliyyat vasitəsinin arxasında saxladım. Avtomobildən endim və Raufa yaxınlaşaraq nə üçün avtomobilimi əzdiyini soruşdum. Aramızda mübahisə başladı. Bu zaman əsəbləşərək yumruqla Raufun sifətindən bir dəfə vurdum. Aramızda mübahisə davam etdi. Rauf əli ilə işarət edərək ondan nə istədiyimi soruşdu. Mən yenə Raufa yumruq atdım. Yumruq Raufun sol əlinə dəydi. Bundan sonra Rauf nəqliyyat vasitəsindən düşdüm və aramızda mübahisə başa çatdı”. 

İş üzrə zərərçəkmiş Raufun sözlərinə görə, hadisə günü saat 13:30-da idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində S.Vurğun küçəsində hərəkətdə olub: “Bu zaman mənimlə eyni yolda hərəkətdə olan tanışım Əliağa idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə önümə keçdi. Hər ikimiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün müştəriləri götürmək məqsədi ilə mən də Əliağanın önünə keçdim. Kimyaçılar qəsəbəsi ərazisində “Dost” market adlı ərzaq mağazasına çatdıqda Əliağanı keçmək istədim. Lakin Əliağa mənə yol vermədiyindən idarə etdiyim avtomobilin sağ yan güzgüsü onun nəqliyyat vasitəsinin sol yan güzgüsünə dəydi”. 

Zərərçəkmiş qeyd edib ki, hadisələr çox ani cərəyan etdiyindən və avtomobillərinin zədələnmədiyini görüb: “Bundan sonra müştəri götürmək üçün dalana daxil oldum. Bu zaman Əliağanın avtomobilinin mənim avtomobilimin arxasında dayandığını gördüm. Avtomobildən enmədim. Lakin Əliağa nəqliyyat vasitəsindən düşərək mənə tərəf gəldi. Əliağa mənə yaxınlaşdı. Tanış olduğum üçün mənimlə zarafat etdiyini düşündüm. Lakin Əliağa mənimlə mübahisə etməyə başladı. Burnuma və sifətimə yumruqla zərbələr endirdi. Əliağaya əlini uzatdıqda yumruqla sol əlimin 4-cü barmağına vurdu. Nəticədə barmağım şişdi. Avtomobildən enərək nə üçün belə etdiyini soruşdum. Əliağa avtomobilimə ziyan vura biləcəyini düşündüm və əsəbiləşdiyimi dedim”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əliağanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top