“Azərbaycanda bu nazirliklər çətinliklə üzləşir, məlumat kirliliyi yaranır...” — Müsahibə

MÜSAHİBƏ 10 iyn 2024, 11:04
Vüqar Baba: “Viva” kommunikasiya agentliyinin araşdırmalarına görə bəzi dövlət qurumları PR-da prioritet hədəf auditoriyalarını düzgün seçmir, öz paydaşlarına istiqamətlənmir”

"Viva" kommunikasiya agentliyinin təsisçisi, PR və marketinq kommunikasiyaları üzrə ekspert Vüqar Babanın Yenisabah.az-a müsahibəsi.

- Öncə özünüz, kommunikasiya sahəsində təhsiliniz, təcrübəniz barədə danışaq. Neçə ildir bu sahədə çalışırsınız, Vüqar bəy?

- Kommunikasiya üzrə Azərbaycan, Gürcüstan və Litvada 3 fərqli universitetdə oxumuşam. Əlavə olaraq, ABŞ, Almaniya və Niderlandın kurslarında Media, İctimaiyyətlə Əlaqələr (PR), marketinq üzrə təlimlər almışam. Bu sahədə işləməyə isə 2005-ci ildə başlamışam. Əvvəlcə kommunikasiyanın media qolunda jurnalist kimi işləmişəm, daha sonra isə digər qoluna – PR və Marketinq kommunikasiyaları sahəsinə keçmişəm. Bu istiqamətdə ölkəmizdə və Avropada dövlət qurumlarında, iri şirkətlərdə və təşkilatlarda 20 ilə yaxın fəaliyyət göstərmişəm. Azərbaycanda müxtəlif universitetlərdə jurnalistika, PR, media marketinqi üzrə dərs demişəm. 

Hazırda təsisçisi olduğum “Viva” kommunikasiya agentliyində işləyirəm. Şirkət 2011-ci ildə qurulub, indiyədək müəyyən fasilələrlə işləyib. 2024-cü ildən isə peşəkar komanda yığaraq aktiv fəaliyyətə başlayıb. “Viva” komandası araşdırma, strategiya, analitika, PR, marketinq, jurnalistika, hekayə yazarlığı ("story telling"), tədbir təşkilatçılığı üzrə ixtisaslaşmış mütəxəssislərdən və yaradıcı şəxslərdən ibarətdir. Biz şirkət olaraq, kommunikasiya sahəsində imic və reputasiya ilə bağlı araşdırılma, konsultasiya, strategiya qurulması, brendinq, təlim xidmətləri göstəririk. “Viva” həm dövlət qurumlarına, həm özəl şirkətlərə, həm də şəxslər üçün PR və marketinq kommunikasiyaları xidmətlərini həyata keçiririk.

- Şəxslərə yönəlik xidmətlər deyərkən, daha dəqiq hansı xidmətlər nəzərdə tutulur?

- Söhbət bizim “Şəxsi brendinq” xidmətdimizdən gedir. Bu zaman qurumlara deyil, fərdə yönəlik kommunikasiya xidməti göstərir, şəxsləri brendə çeviririk. Hər hansı peşə sahibini öz fəaliyyət sahəsinin məşhur personası, eksperti kimi tanıdırıq. Məsələn, hansısa kardioloq istəyir ki, kardiologiya sahəsində Azərbaycanda ən çox tanınan və etibar olunan həkimlərdən biri olsun. Yaxud, bir hüquqşünas ən tanınmış, etimad olunan vəkillərdən biri kimi tanınmaq istəyir.  Biz bu cür hədəfləri olan şəxslər üçün strategiya hazırlayır, birlikdə addımlayacağımız plan qurur, dəstək göstəririk. Yaxud hər hansı biznes qurumunun rəhbəri öz sektorunda ekspert kimi tanınarsa bu rəhbərə və onun timsalında şirkətinə auditoriyasının inamını, hörmətini artırar, bazarda fərqlənməsinə və sadiq müştəri bazasının genişlənməsinə səbəb olar.  “Viva”  bu hədəfə çatmaq üçün rəhbər şəxslərin şəxsi reputasiyasını qurur. 

Biz şəxsin xarakterik özəlliklərini, həm rasional, həm də emosional dəyərlərini təhlil edirik. Peşəkar fəaliyyətinin güclü və zəif tərəflərini ölçürük.  Daha sonra həmin şəxsin hədəf auditoriyasının müxtəlif parametrləri araşdırılır, bu auditoriyanın portretini çəkirik. Sonra həmin şəxs, bizim biznes psixoloqla, koçla konsultasiyalar keçir, lazımdırsa natiqlik dərsləri keçirik. Bir müddətdən sonra, bu şəxs tədricən ictimaiyyətin gözündə istədiyi sahənin “ənlərindən” biri olur.

- Bu zaman həmin şəxsin üz tutduğu məkanlar, görüşdüyü şəxslərlə bağlı müəyyən məhdudiyyətlər və seçimlər olurmu?

- Bəli. Heç şübhəsiz. İstər hansısa idmançı, siyasətçi, istərsə də hansısa şirkətin rəhbəri olsun, kommunikasiya mütəxəssisi şəxsə bununla bağlı müxtəlif tövsiyələr verir və işin daha peşəkar görülməsi üçün bu məsələlərdə işlədiyi mütəxəssislə mütləq hesablaşmalıdır. Kimlərlə görüşmək olar, hansı tədbirlərə getmək olar. Bunlar öncədən araşdırılmalıdır. Şəxsin hansısa tədbirdə konflikt yaşaya biləcəyi və yaxud imic baxımından eyni məkanda olması məsləhət olmayan yaxud siyasi nöqteyi-nəzərindən eyni məkanda görülməsi uyğun olmayan kimlərsə ola bilər. Bu zaman şəxsə belə tədbirlərə qatılmamaq tövsiyə olunur. Bütün bunlar tərəfimizdən razılaşdırılır və şəxsin nüfuzunun irəliləməsi üçün nələrin ona ziyan və yaxud fayda verə biləcəyi tövsiyə edilir. 

- Azərbaycanda şirkətlərin, tanınmış şəxslərin reklama, PR-a münasibəti necədir? Bu sizi qane edir?

- Azərbaycanda reklamla bağlı müasir qaydalar, trendlər, tendensiyalar oturuşduqca və bunlar reklam verə biləcək subyektlərə - şirkətlərə, dövlət qurumlarına doğru izah olunduqca inkişaf edə bilər. Burada təsir-əks təsir amili var. Reklam xidməti göstərən qurumların özləri də xidməti düzgün göstərmir. Belə ki, reklam verən şəxs, şirkət, dövlət qurumu əlbəttə ki, öz xeyrini güdür. Düşünür ki, 2 manat xərclədim, nə qazanacağam? Reklam xidmətini təşkil edənlərin bəziləri, hətta deyərdim bir çoxu özü bilmir ki, müştərisinə - reklamın sifarişçisinə necə xeyir verə biləcəyini izah etsin. Bu səbəbdən əvvəl həm də reklam verənlər özləri həm peşəkar yetişdirilməli, həm də reklam verənə izah etməlidir. Eyni zamanda reklam verən də yetişməlidir. Məsələn, hansısa kolbasa firması bir seriala sponsorluq edir və deyir ki, evin ortasında mənim bannerim qoyulsun. Bu da əlbəttə ki, serialın keyfiyyətini aşağı salır və gülüş obyektinə çevirir. Hətta insanlarda həmin kolbasa markasına belə bir növ antipatiya yaradır. Bu anda istifadə edilə biləcək müasir tendensiyalar gizli reklamdır. Müştəri gördüyü filmdə özü axtarıb, tapıb baxmalıdır ki, bu aktyor hansı saatı taxır? Yəni reklam, məhsul yerləşdirmə bunların hamısı tədricən, gizli və səliqəli formada həyata keçirilməlidir. 

- Hazırda dünyada hansı reklam növü trendləşir? 

- Hazırda dünyada daha çox influenser marketinq çox sürətlə yayılır. Yəni, sosial mediada məşhur olan şəxslər vasitəsi ilə hansısa xidmətin, məkanın və yaxud məhsulun reklam edilməsi. Ənənəvi media onlara uduzmağa başlayıb. İnfluenserlərin uğur qazanmasının səbəbi məhsulu, xidməti öz təcrübəsindən keçirməsidir. Burada da hələlik müəyyən qüsurlar var. Belə ki, influenserlə işləmək istəyən qurum və yaxud şirkət onun kontent yaratma tərzinə baxmır. Bu isə bir çox hallarda fayda əvəzinə itki ilə nəticələnir.

- Bəs auditoriya influenserlərin səmimiyyətinə inanırmı?

- İnfluenserlər şəffaf olmağa, səmimi davranmağa çalışırlar. Çünki, onlar üçün də auditoriyanın inamı həm şəxsi imicləri üçün, həmçinin reklam etdikləri brendlər üçün vacibdir. Səmimiyyəti qorumaq üçün influenserlər üçün üsullardan biri brend seçimində seçici olmaqdır. Həqiqətən istifadə etdikləri və inandıqları məhsulları, xidmətləri təqdim edərək, onların faydalarını, keyfiyyətini daha orijinal şəkildə təbliğ edə bilərlər. İnfluenserin təqdim etdiyi brendlə həyat tərzinin, başqa təbii paylaşımlarının uyğunluğu yüksək olmalıdır. İnfluenserlə əməkdaşlıq edən qurumlar da bu nüansa diqqət etməlidir – öz brendinin influenserlərlə uyğun olmasına. Bir də influenserin izləyici auditoriya portretinin həmin brendin istifadəçisi ola bilməsi araşdırılmalıdır.

- Bəs dövlət qurumları PR və reklam işini hansı qaydada aparmalıdır?

- Dövlət qurumlarının kommunikasiyasında əsas məqsəd auditoriyanı düzgün məlumatlandırma və vətəndaşların inam və güvənin qazanılması olmalıdır. Çünki dövlət qurumunun həyata keçirdiyi siyasətin uğurlu icra olunması əhali tərəfindən əməl və dəstək olunması, onların mesajları doğru qəbul etməsi və həmin quruma etibarından asılıdır. “Viva” kommunikasiya agentliyinin araşdırmalarına görə ölkədə bəzi nazirlik, komitə və dövlət agentliyi hədəf auditoriyası ilə işləmək istiqamətində bir sıra çətinliklə üzləşir, çünki PR-ı öz prioritet hədəf auditoriyası üzərində qurmur. Onların kommunikasiyası paydaşlara (“stakeholder”) hədəflənərək deyil, ümumi kütləyə istiqamətlənmiş şəkildə aparılır. Ötürülən mesajın hansı auditoriya üçün nəzərdə tutulduğu, məqsədi nəzərə alınmır, mesajın üslubu, yayımlanma kanalları yanlış seçilir. Nəticədə isə ictimaiyyətlə əlaqələr fəaliyyətlərinin effektivliyi aşağı olur, mesajlar auditoriya qrupları tərəfindən lazımi formada qəbul olunmur, məlumat kirliliyinə səbəb olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top