Bakı Enerji Həftəsi: Azərbaycan qlobal oyunçuya çevrilir…

GÜNDƏM 05 iyn 2024, 12:08
Hazırda dünyanın gözü Bakıdadır. Azərbaycan növbəti dəfə qlobal birliyi təmin edir, bu dəfə enerji sahəsində. Bakı Enerji Həftəsi dünyanın enerji təhlükəsizliyinin müzakirə edilməsi, çıxış yolların tapılması və perspektivlərin müəyyənləşməsi baxımından qlobal əhəmiyyətə malikdir.

Bakı Enerji Həftəsi üç mühüm tədbiri - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumunu özündə birləşdirir. Bu, həm regionun və dünyanın enerji sektorunun müzakirəsi, həm də enerji sektorunda yeni çağırış olan Yaşıl Enerji məsələsinin gündəmə gətirilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkətin iştirakı da bu tədbirin qlobal əhəmiyyətindən xəbər verir. Bakıda yüksək səviyyədə təşkil edilən tədbirin iştirakçıları həm enerji problemlərini müzakirə etmək, həm də yeni əməkdaşlıqlar qurmaq fürsəti qazanırlar. Bütün bunlarla yanaşı, dünyanın diqqətinin Azərbaycanın üzərinə cəmlənməsi ölkəmizə siyasi və iqtisadi dividentlər gətirir. Bu qlobal əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə şərait yaratmaqla yanaşı, enerji sektorumuza yeni investisiyaların cəlb edilməsinə də imkan yaradır. Məsələ təkcə karbohidrogen ehtiytların istismarından və bu sahəyə yatırılan investisiyadan getmir. Ölkəmizin Yaşıl Enerji potensialı da xarici investorlar üçün cəlbedicidir.

İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialı yüksək qiymətləndirilir. Bakı Enerji Həftəsi və tədbirdə yaşıl enerjinin müzakirəsi xarici investorların işğaldan azad edilmiş ərazilərimizə cəlb edilməsinə də yeni imkanlar yaradacaq. 

Prezident İlham Əliyev də Bakı Enerji Həftəsinin açılış mərasimində çıxışı zamanı diqqəti işğaldan azad edilmiş ərazilərə çəkdi. Dövlət başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var: 

“2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir”.

Dövlət başçısı çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolundan, enerji sektorunda əldə olunan uğurlardan və hazırda dünyanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs etdi. 

Həmçinin, diqqəti dünyanın iqlim probleminə çəkdi və Bakıda keçiriləcək COP29 tədbirinin iqlim problemlərinin həllinə töhfə verəcəyinin mesajını verdi.

Ən mühüm məqam isə 4 iyun tarixinin Azərbaycanın və dünyanın enerji sektorunda yeni eranın başlanmasıdır. 20 il öncə “Şahdəniz” müqaviləsi imzalananda Azərbaycanın neftlə yanaşı, qaz ixracının əsası qoyuldu və bu təkcə ölkəmiz üçün yox, həm də Avropanın enerji təhlükəsizliyi üçün müstəsna xarakter daşıyırdı. Ötən 20 il ərzində Azərbaycan Avropanın enerji təhlükəsiziyində oynadığı rolla etibarlı tərəfdaş olduğunu ispat etdi. 20 il sonra 4 iyun tarixində bərpa olunan enerji – yaşıl enerji erası başlayır və dünyanın ehtiyacı olan bu sahədə öncüllüyü yenə Azərbaycan üzərinə götürür.

Prezident İlham Əliyev də diqqəti bu məsələyə çəkdi.

“Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”, - dövlət başçısı vurğulayıb.

Bakı Enerji Həftəsi həm də müxtəlif ölkələrin ən yüksək səviyyədə müraciətləri ilə yadda qalır. Qardaş Türkiyədən, Avropa İttifaqından, eləcə də OPEK və İRENA kimi enerji sektorunda beynəlxalq birliklərdən gələn müraciətlər həm bu tədbirin, həm də Azərbaycanın əhəmiyətinin göstəricisidir. Müraciətlər arasında ABŞ prezidenti Co Baydenin müraciəti də xüsusilə diqqət çəkir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik göndərib. 

Əsas məqamlardan biri də bunun Baydenin həftə ərzində Bakıya göndərdiyi ikinci məktubu olmasıdır. ABŞ Prezidenti 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi tədbir etdi, ikitərəfli əlaqələri yüksək qiymətləndirdi. İndi də Bakı Enerji Həftəsinə müraciət ünvanladı və ikitərəfli əlaqələrin əhəmiyyətindən bəhs etdi. Bayden həm də regionda Azərbaycanın liderliyini qəbul edir. 

Müraciətinin mətni bu deməyə əsas verir. Baydenin məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır. Bu onu da göstərir ki, Vaşinqton-Bakı əlaqələrini pozmağa çalışan erməni lobbi dairələri heç nəyə nail olmadılar. Bakının bundan sonra Vaşinqtondan bir gözləntisi var. O da ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qoruması. Bu olacaqsa, Bakı-Vaşinqton əlaqələri daha da inkişaf edəcək.

Bakı Enerji Həftəsi və dünyanın diqqətinin paytaxtımıza yönəlməsi Azərbaycanın qlobal nüfuzunun əyani nümunəsidir. Azərbaycan artıq qlobal oyunçu rolunda çıxış edir. Xüsusilə dünyada yeni əməkdaşlıqlar şəbəkəsinin yaradılmasında lokomativ rolunu üzərinə götürüb.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top