Gənc oğlan narkotik alverçisini niyə qətlə yetirib? —TƏFƏRRÜAT

KRİMİNAL 04 iyn 2024, 21:15
Abşeron rayonunda 1993-cü il təvəllüdlü Zamir Ağaliyev özündən 30 yaş böyük Gülağa Əliyevi öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zamir qonşuluqda yaşayan həmkəndlisi Gülağanın narkotik vasitə istifadəçisi olması və yaşadıqları Qobu qəsəbəsi ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlib. 
Habelə qətl hadisəsindən bir neçə gün əvvəl Gülağanın ona birlikdə narkotik vasitə satmağı təklif etməsini özünə qarşı şəxsiyyətini aşağılayan hərəkət kimi qəbul edib. O, Gülağanı öldürmək qərarına gəlib. 

Bu məqsədlə Zamir 30 aprel 2022-ci ildə əvvəlcə Qobu qəsəbəsində yerləşən yaşayış olmayan yarımtikiliyə gedərək, orada gizlətdiyi xəncəri götürüb. Sonra Gülağanı öldürmək niyyətini həyata keçirmək üçün həmin gün saat 15 radələrində onun yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evinin qarşısına gəlib.  Amma Gülağa həmin vaxt çölə çıxmadığı və evdə tək olmadığı üçün onu öldürə bilməyib. 

Daha sonra Zamir oradan uzaqlaşaraq yaşadığı evə, oradan isə dayısına məxsus mühafizəçi işlədiyi mebel sexinə gedib. Orada olduğu müddətdə Gülağanı öldürmək niyyətini həyata keçirə bilmək üçün onun yaşadığı evdən çölə çıxartmaq qərarına gəlib. 

Zamir saat 21:08-də Gülağaya zəng edərək satmaq üçün narkotik vasitə götürmək məqsədilə yaşadığı evin qarşısına gələcəyini bildirib. Sonra mebel sexindən çıxaraq saat 22 radələrində Gülağanın yaşadığı evin qarşısına gəlib. Zamirin gəldiyini görən qarşı tərəfdə dayanmış Gülağa ona yaxınlaşıb və qarşısında dayanaraq onunla narkotik vasitələrin satışı ilə bağlı söhbət edib. 

Bu vaxt Zamir şalvarının arxa kəmərlik hissəsində  gizlədərək üzərində gəzdirdiyi xəncəri çıxarıb və Gülağanın ürək nahiyəsindən bir dəfə zərbə vurub. Sonra hərəkətlərini davam etdirərək Gülağaya ardıcıl çoxsaylı zərbələr vurub. Gülağa aldığı zərbələrdən vəfat edib. 

İstintaq orqanı tərəfindən Zamirin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, həbs olunanadək Qobu qəsəbəsində atası Zakir, anası Naibə, qardaşları Elvin və Elmirlə birlikdə yaşayıb: “Qobu qəsəbəsində yerləşən mebel sexində mühafizəçi işləmişəm. 2017-cı ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 185.2.4-cü (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinmişəm və 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. 2020-cı ildə azadlığa çıxmışam. Özüm əvvəllər nəşə, yəni marixuana istifadə etsəm də, heç vaxt heroin, metamfetamin istifadə etməmişəm. Marixuananı sonuncu dəfə 30 aprel 2022-cı ildə, günorta saatlarında Gülağadan ödənişsiz alaraq çəkmişəm. Gülağanı qəsəbə sakini kimi tanımışam və bizimlə qonşuluqda yaşayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Gülağa həm narkotik vasitə istifadəçisi, həm də satıcısıdır: “Gülağa həm marixuana, həm də, heroin, metamfetamin satışı ilə məşğul olub. Lakin mən Gülağanın narkotik vasitələri haradan əldə etməsini bilməmişəm. Gülağa ilə aramızda əvvəllər hər-hansı bir mübahisə, münaqişə olmayıb. Aprel ayının 27-si, ya 28-i saat 15-16 radələrində qəsəbə sakini Vüqarın ərzaq mağazasının qarşısında olduğum vaxt Gülağa mənə yaxınlaşaraq salamlaşdı. Mənə “əlimdə nəşə və patı var, səndə srok görmüş oğlansan, razılaşaq, verim sənə sat” dedi. Mən isə həmin vaxt Gülağaya “gələrəm söhbət edərik” deyə cavab verdim. Elə həmin vaxt Gülağanı öldürmək fikrinə gəldim. Buna görə də Gülağanın narkotik vasitənin satışı ilə bağlı təklifini rədd etmədim ki, niyyətimi həyata keçirmək üçün ona yaxın ola bilim. Gülağa narkotik vasitələrin satışı ilə məşğul olaraq qəsəbə sakinlərini pis yola çəkdiyi, pis vərdişlərə düçar olmalarına səbəb olduğu üçün və mənə narkotik vasitə satmağı təklif etdiyi üçün onu öldürmək qərarına gəldim. Məqsədim Gülağanı öldürməklə, qəsəbəni narkomandan təmizləmək olub”. 

Zamir qeyd edib ki, aprelin 30-da, saat 14-15 radələrində Gülağaya zəng edib və ona "mənə nəşə düzəlt gəlib götürüm'’ deyib: “Gülağa isə "tez gəl’’ deyə cavab verdi. Həmin vaxt Gülağadan nəşə istəməkdə məqsədim onu öldürə bilmək üçün yaşadığı evdən çölə çıxartmaq olub. Bundan sonra Gülağanı öldürmək üçün yaşadığım evin yaxınlığında yerləşən uzun illərdir yaşayış olmayan yarımtikiliyə getdim və orada gizlətdiyim xəncəri götürdüm. Həmin xəncəri 2021-cı ilin mayında 9-cu mikrorayonda yerləşən fəhlə kimi işlədiyim evlərin birinin taxta döşəməsinin altından tapmışam. Əvvəlcə yaşadığım evdə, daha sonra isə evimizin yaxınlığında yerləşən yaşayışı olmayan yarım tikilidə  gizlətmişəm. Xəncəri götürüb əynimdəki şalvarın arxa kəmərlik hissəsinə taxaraq Gülağanın yaşadığı evə yollandım. Saat 15:30-da Gülağanın yaşadığı evin qarşısına çatdım. Zəng edərək gəldiyimi bildirdim. Bu vaxt Gülağa həyətə giriş qapısını açaraq küçəyə çıxmadan mənə bir dəfəlik istifadə üçün marixuana verdi və “evdə qonaqlar var, özüm sənə zəng edəcəm” deyərək qapını bağladı. Buna görə də həmin vaxt Gülağanı öldürə bilmədim”. 

Zamir qeyd edib ki, bundan sonra Gülağanın verdiyi marixuananı yaşadığı evin yerləşdiyi məhəllədə kağıza bükərək çəkib, bir qədər məhəllədə gəzdikdən sonra dostu Alimlə rastlaşıb, birlikdə çayxanaya gedib: “Daha sonra Alimlə sağollaşıb əvvəlcə bint almaq üçün aptekə, oradan isə yaşadığım evə getdim. Gülağadan nəşə aldıqdan evə qayıtdığım vaxtadək xəncər üzərimdə olub. Xəncəri əynimdəki şalvarın arxa kəmərlik hissəsində gizlətmişəm. Evə gəlib yemək yedikdən sonra mühafizəçi işlədiyim dayıma məxsus mebel sexinə getdim. Sexdə olduğum zaman Gülağanın mənə zəng etmədiyini gördüm və saat təxminən 21:30-da öz istifadəmdə olan mobil nömrədən Gülağaya zəng etdim. Marixuananı nəzərdə tutaraq “bayaq götürdüyümdən bir yeşik hazırla, gəlib götürüm” dedim. Gülağa isə mənə “düzəldərəm amma 100 manatdır” deyə cavab verdi. Mən isə “bahadır gözlə bir azdan yığaram” deyərək zəngi sonlandırdım. Təxminən 5 dəqiqə sonra Gülağaya yenidən zəng edərək gələcəyimi bildirdim. Gülağa isə həmin vaxt mənə “tez gəl, çıxmalıyam şəhərə gedirəm” deyə cavab verdi. İşlədiyim sexlə Gülağanın yaşadığı ev arasındakı məsafə təxminən 5-10 dəqiqəlik yoldur. Təxminən 5-10 dəqiqə sonra Gülağanın evinin qarşısına çatım. Küçəyə çıxmasını bildirmək üçün Gülağaya yenidən zəng etdim. Bu vaxt Gülağa zəngimə cavab vermədi. Mən bir qədər irəli baxdıqda Gülağanın küçədə, yolun digər tərəfində dayandığını gördüm. Gülağanı görərək yaxınlaşdım, biz söhbətləşməyə başladıq. Gülağa əvvəlcə “pulu ver, gedib malı gətirim’’ dedi. Mən “qiyməti çox bahadır, bir az aşağı elə götürüm” deyə cavab verdim. Gülağa isə mənimlə razılaşmayaraq “mal evdədir, sən pulu ver mənə, gedib gətirim” dedi. Mən isə dedim ki, sən malı gətir, pulu verəcəm. Elə bu vaxt Gülağanın ayağa qalxdığını görəndə şalvarının arxa kəmərlik hissəsində gizlətdiyim xəncəri çıxararaq, onun ürək nahiyəsindən həmin xəncərlə bir dəfə zərbə vurdum. Gülağa zərbənin təsirindən xırıldamağa başladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həmin xəncərlə Gülağaya ardıcıl bir neçə zərbə daha vurub: “Lakin zərbələrin Gülağanın hansı nahiyələrindən dəryməsini xatırlamıram. Zərbələrin təsirindən Gülağa bir qədər arxa-arxaya gedərək işıqlıq tərəfdə arxası üstə yerə yıxıldı. Mən xəncərlə Gülağaya bir neçə zərbə daha vurdum. Lakin Gülağaya ümumilikdə neçə zərbə vurduğumu xatırlamıram. Bundan sonra Gülağanın meyitini bir neçə metr yuxarıya doğru sürüyərək qaranlıq tərəfə çəkdim ki, heç kim görməsin. Daha sonra isə yaşadığım evə getdim. Evə girmədən evin həyətindəki hovuzda qana bulaşmış əllərimi yuduqdan sonra qəsəbə ərazisində taksilər dayanan yerə getdim. Oradan qəsəbə sakini Elnurun taksi kimi fəaliyyət göstərdiyi avtomobilinə mindim. Ondan avtomobili Qobu Polis Bölməsi ilə üzbəüz yerləşən “Yurd” kafeyə sürməsini istədim. Elnura Gülağanı öldürməyim barədə heç bir söz demədim. Kafenin qarşısında taksidən düşdüm və Qobu Polis Bölməsinə gedərək təslim oldum. Gülağanı qətlə yetirdiyi bıçağı təqdim etdim”.

İş üzrə zərərçəkmiş Gülağanın hüquqi varisi qismində ifadə verən oğlunun sözlərinə görə, atası Gülağa narkotik vasitə istifadəçisi olub: “Təxminən 17-18 il əvvəl anam ilə atam boşanıb. Həmin vaxtdan etibarən mən, anam və bacım atam Gülağadan ayrı yaşamışıq. Aprelin 30-da, saat 22 radələrində dostlarım ilə birlikdə olduğum vaxt bibim Nazilə mənə səsli mesaj göndərərək atam Gülağanın qətlə yetirildiyini bildirdi. Bundan sonra dərhal atam Gülağanın yaşadığı evə getdim. Evin qarşısına çatdıqda atamın üzərində xəsarətlər olan meyitinin yaşadığı evin qarşısında, çöldə yerdə uzanıqlı vəziyyətdə olduğunu gördüm. Həmin vaxt orada olan tanımadığım şəxslər mənə atamın Qobu qəsəbə sakini Zamir adlı şəxsinbıçaqla vuraraq qətlə yetirdiyini dedilər. Ətrafda toplaşmış tanımadığı şəxslərdən həmçinin, hadisə vaxtı Qobu qəsəbə sakini Natıbala adlı şəxsin atamın yaşadığı evin həyətində olduğunu və Zamirin yanında isə “Şoşan” deyilən şəxsin olduğunu, hadisədən sonra “Şoşan”ın Natıbalaya “Gülağanı vurdular” dediyini eşitdim. Atam sağlığında narkotik vasitə istifadəçisi olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatım yoxdur. Zamiri tanımasam da, onun qardaşı Elvini tanıyıram. Elvinlə birlikdə hərbi xidmətdə olmuşam. Təqsirləndirilən şəxslə aramızda barışıq yoxdur, ondan şikayətçiyəm”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zamir 16 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan prokuror tərəfindən apellyasiya protesti verilib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 

Hakim Elman Rəhimovun sədrlik etdiyi kollegiya prokurorun protestini araşdırıb. Hakimlər heyəti belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin hökmü təüsirtləndirilən şəxsə münasibətdə yüngül olub. 

Bu səbəbdən hakimlər heyəti prokurorun protestini təmin ediblər və birinci instansiya məhkəməsinin hökmünün dəyişiblər. Yeni qərara görə, Zamirin cəzası 18 ilə qədər artırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top