"Mən təklifləri Arif Rəhimova bildirirdim" — “Formula 1” işində şok faktlar

KRİMİNAL 03 iyn 2024, 13:32

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyev özünü təqsirli bilməyib.

O, məhkəmənin hazırkı mərhələsində ifadə vermək istəməyib və susmağa üstünlük verdiyini deyib.

Təqsirləndirlilən şəxs iddia edib ki, zərərçəkmiş tərəf ziyanın nədən ibarət olduğunu müəyyən etsin. O, zərərçəkmiş tərəfin məhkəməyə gəlməsini, izahat verməsini istəyib: "Zərərçəkmiş şəxs təqdim eləsin görək ona dəymiş zərər nədən ibarət olub... Bir də ekspert zərəri necə hesablayıb? Onun idman oyunları ilə bağlı məlumatı nə qədərdir? Mən hələ ki susmağa üstünlük verirəm, suallara cavab vermək istəmirəm. Qoy zərərçəkən ilk olaraq gəlsin, ifadə versin".

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, burada zərərçəkmisin özü yox, hüquqi nümayəndəsi iştirak edir: "Mən bilmək istəyirəm Çingiz Mehdiyev zərərçəkmiş qismində həyat yoldaşını nəzərdə tutur, yoxsa MMC-ni? MMC-ni nəzərdə tutursa, biz onu dindirə bilmərik. Biz məhkəməni əsas sübutlar, şahidlər və sənədlər əsasında aparacağıq. Həmin dövrdə hansı vəzifəni tutmusuz və nəyi həyata keçirmisiz?"

Təqsirləndirilən şəxs vəkilləri ilə məsləhətləşdikdən sonra prokurorun suallarını cavablandırmağa razılaşıb.

Bundan sonra prokuror Orxan Səmədov təqsirləndirilən şəxsə suallar ünvanlayıb.

Suallara cavabda Çingiz Mehdiyev qeyd edib ki, yarışı həyata keçirəndə əsasən Marşal komandası ilə işləyib. Kurasiyasına tibb, yanğınsöndürmə və təhlükəsizlik əməkdaşları daxil olub.

Təqsirləndirilən şəxs qeyd edib ki, anası Leyla xanım 2012-ci ildə "Dayton" şirkətini təsis edib. Şirkəti anası idarə edib, ona isə işləməsi üçün etibarnamə verib.

Dövlət ittihamçısının "Leyla xanım yarış üçün hər hansı materialların alınmasında iştirak edibmi" sualına Çingiz Mehdiyev belə cavab verib: "Xeyr, o iştirak etməyib. Məndən başqa Azərbaycanda bu materialların alınmasında heç kimin təcrübəsi yox idi. Bu yarışda işləri görmək üçün bir şirkət lazım idi. Xarici şirkətlər üçün müqaviləyə ehtiyac yoxdur, sadəcə internet vasitəsilə birbaşa istədiyin məhsulu alırsan.

Xarici şirkətlər bu işi 2 dəfə baha görürdü. Bizim öhdəliyimiz həmin məhsulları Azərbaycana vaxtında çatdırmaq idi. Müqavilə bağlamadan şirkət olaraq ilkin avans ödənişi edirdik. Çünki yarışı həyata keçirmək öhdəliyimiz vardı. "Dayton" şirkəti may ayında "Formula" yarışı başlayana kimi bütün hazırlıq işlərini öz hesabına görürdü. Ödəniş yay aylarında tədbir formalaşandan sonra edilirdi.

Mən həmin şirkəti rəhbərliyə özüm təqdim etmişəm, çünki qohumlarımın şirkəti idi. Bilirdim ki, yüksək səviyyədə xidmət göstərəcəklər. Mən təklifləri Bakı Səhər Halqası Əməliyyat şirkətinin rəhbəri Arif Rəhimova (Gənclər və İdman naziri, mərhum Azad Rəhimovun oğlu - red.) bildirirdim. "Dayton" şirkətini də mən təklif etmisəm. "Dayton" Satınalmalar departamenti ilə işləyirdi.

Şirkət 2012-ci ildə fəaliyyətə başlamşdı. Bütün işlər əvvəldən görülürdü. Ancaq şirkətə ödəniş 3-6 ay ərzində edilirdi. "Dayton" əsas risk zonasına daxil olan məhsulların gətirilməsini təmin edirdi. Şirkətə ümumi büdcənin 0,2 faizi, təxminən 900 min manat civarında pul köçürülürdü. Mənə tələb qoyulmuşdu ki, bu yarışı yüksək səviyyədə keçirək. Çünki yarışı dünyada 1,5 milyarddan çox insan izləyirdi".

Daha sonra dövlət ittihamçısı belə sual verib: "Siz spesifik malların alınmasında iştirak etmisiz?"

Çingiz Mehdiyevin suala cavabı belə olub: "Dünyada bu malların çox kiçik bazarı var. Çünki tək-tük şirkətlər bu işi görə bilir. Mənə 2015-ci ilin mart ayında dedilər ki, "Formula-1" yarışı keçiriləcək. 2015-ci ilin dekabr ayında isə bildirdilər ki, yarış üçün spesifik mallar tapılmalıdır. "Dayton" adından spesifik malları 2016-cı ilin yanvar ayında sifariş etmişəm. Mənə bu tapşırığı Arif Rəhimov vermişdi.

Azərbaycandan "Formula" üzrə beynəlxalq yarışlarda spesifik malların təşkili ilə məşğul olan yeganə şəxs idim. Buna görə mənə lisenziya verilmişdi. Bir müqavilənin təkcə yazışma işi 2-3 ay cəkirdi.

"Dayton" şirkəti Seyşel adalarında yaranıb. Bakı şəhər Halqasi bir iş üzrə 36 səhifəlik müqavilə hazırlayırdı. Şirkətə isə əsas ilkin ödəniş lazım idi, müqaviləni sonra da bağlaya bilərdilər".

Növbəti proses iyunun 10-da davam edəcək.

İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of Amerika" bankındakı hesablna 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Formula-1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. Yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir.

Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

İttihama görə, yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.

Cinayət baş verən vaxtda Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top