"İş probleminə görə bir çox qadın ana olmaq istəmir" — Deputatın təklifinə MÜNASİBƏT

GÜNDƏM 27 may 2024, 13:45
Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təklif edib ki, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə bir saat gec gəlib, bir saat tez getməsi ilə bağlı maddə salınsın. O deyib ki, işləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənirlər: "Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Baakının mərkəzinə işə gəlir".

Sosioloq Lalə Mehralı da deputatın təklifini müsbət dəyərləndirib.

 O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, belə olarsa, uşaqlı anaların çox işinə yarayar:



"Uşaqları məktəb və bağçaya yetişdirmək, daha sonra da saat 9-da işə başlamaq bir çox qadın üçün əlçatan deyil. Dövlət müəssisələrində iş saatı ilə bağlı qaydalar sərtdir, özəl müəssiələrdə isə nisbətən güzəşt olur. Bağçalar 7-də, məktəb isə saat 8-də açılır. Ona görə də uşaqlı qadınlar çətinlik yaşayırlar. İş saatının yumşaldılması onlara çox kömək olardı. Məcburiyyətdən işləyən bir çox uşaqlı qadın var. İşə gecikdikləri üçün töhmət alırlar, maaşlarından tutulur. Sovet dövründə uşaqlı qadınlar üçün belə güzəştlər var idi. Hətta gün ərzində müəyyən saatlarda işdən çıxıb gedib uşaqlarını əmizdirə bilirdilər və ya kimsə uşağı ananın iş yerinə gətirirdi. Xüsusilə də böyük fabriklərdə körpələr evi olurdu. Ana işə gələndə övladını iş yerinin daxilindəki körpələr evinə qoyurdu, işdən çıxanda da götürürdü. Bu imtiyazları yenidən bərpa etmək lazımdır. İş probleminə görə bir çox qadın ana olmaq istəmir, ləngidir, bir uşaqla kifayətlənir. Hamısı bu problemlərə görədir. İşəgötürənlər uşaqlı qadınlara güzəştlər etməlidirlər.  Qanun qəbul olunarsa, müəssisələr də buna əməl edəcək".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top